Yaxın seçkilərdə qalib gələrək Prezident seçilən Co Bayden indi diqqətini ölümcül pandemiya və zəifləmiş iqtisadiyyatla mübarizə aparan və dərin bölünmüş bir ölkəni idarə etməyə hazırlaşır. Yeni seçilmiş mötədil Demokrat Prezident müvəffəqiyyətləri üçün öz partiyasındakı mütərəqqi şəxslərin dəstəyini qoruyarkən, həm də mühafizəkar respublikaçılarla dil tapmalı olacaq.
Prezident seçilən Co Bayden kampaniyalarını səhiyyə xidməti, işləyən yoxsullara yardımların artırılması və milyonlarla yeni iş yeri yaradacaq təmiz enerji sənayesinin inkişafına dair vədlərlə aparıb.
Johns Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 237 000-dən çox ölüm halına səbəb olan və sürətlə artan koronavirus pandemiyası ən böyük narahatlıq doğuran məsələdir.
"Bu pandemiya ilə mübarizə səylərimi və ya öhdəliklərimi əsirgəməyəcəyəm" - deyə, Bayden bildirib.
Bayden testlərin genişləndirilməsi, səhiyyə işçiləri üçün qoruyucu avadanlıqların istehsalının artırılması, peyvəndlərin hazırlanmasına və paylanmasına diqqət yetirmək üçün koronavirus işçi qrupu yaradıb.
Lakin məqsədlərinə nail olmaq üçün Bayden prezident Donald Trampın səlahiyyət müddətində dirinləşən qütbləşmə ilə hərəkət etməli olacaq
“Bölünmələr dərindir. Vaxt keçdikcə yaxşılaşma yolunda irəliləyəcəyimizə ümid edirəm. Bu tez və asan olmayacaq” , Delaver Univrsitetinin siyasət üzrə professoru David Redlavsk bildirib.
Eyni zamanda Bayden müxalifətlə, xüsusən də yeni altı illik bir müddət qazanan Senatın çoxluq lideri Mitç Makkonnelə güzəştə getməli olacaq. Demokratlar Senatda 50-50 bərabərlik əldə etmək üçün yanvar ayında Respublikaçı meylli Corciya ştatında ikinci seçkilərdə iki yeri qazanmalıdır.
“Makkonnel ayaqlarını yerə dirəyərək, bir çox liberal seçimə yolverməyəcək" - deyə, Texas Universitetinin siyasət üzrə professoru Şannon O'Brayien təxmin edir.
Onilliklər boyu senator və keçmiş prezident Barak Obamanın vitse-prezidenti olmuş Bayden mükəmməl bir siyasətçi kimi tanınır. Onun Makkonnel və digərləri ilə olan əlaqəsi sınaqdan keçiriləcək.
"O, əlaqə kapitalından bəlkə də son dörd ildə görmədiyimiz koalisiyalar yaratmaq üçün istifadə edə bilər" - deyə, Vanderbilt Universitetindən professor Ceff Bennett bildirib.
Bayden ümumi mənfəət üçün hər iki tərəfin əməkdaşlığının zəruriliyini vurğulayıb.
“İnkişaf etmək üçün rəqiblərimizə düşmənimiz kimi yanaşmağı dayandırmalıyıq. Biz düşmən deyilik. Biz amerikalıyıq” , Bayden deyib.
Ancaq Demokrat lider həm də öz hökumətində səhiyyə və iqlim dəyişikliyinə qarşı tədbirlərin hökumət tərəfindən maliyyələşdirilməsini istəyən mütərəqqi şəxslərin təzyiqi ilə qarşılaşacaq.
New Yorkdan Konqresin üzvü Aleksandra Okasio-Kortez kimi bəzi solçu Demokratlar Demokratların Respublikaçılar ilə əməkdaşlıq edərkən mütərəqqi ideyalardan imtina etməyə meylli olduqlarına görə məyusluğunu bildirib.