Accessibility links

ABŞ Senatı Emi Koni Barretin Ali Məhkəməyə namizədliyini təsdiq etdi


Emi Koni Barret
Emi Koni Barret

ABŞ Senatı bazar ertəsi federal apellyasiya məhkəməsinin hakimi Emi Koni Barreti 52-48 səs fərqi ilə Ali Məhkəməyə namizədliyini təsdiq etdi.

Meyn ştatının respublikaçı senatoru Süzan Kollins Demokratlara qoşularaq Barretin əleyhinə səs verib. Kollins deyib ki, o, Ali Məhkəmətə namizəd üzərində səsvermə prezident seçksinə yaxın zamanda keçirildiyi üçün Barretin lehinə səs verməyəcək.

AP-nin məlumatına görə, son 150 ildə Ali Məhkəməyə azlıq partiyanın heç bir dəstəyi olmadan heç bir hakim təyin olunmayıb.

Barret doqquz üzvlük məhkəmədə prezident Donald Tramp tərəfindən nominasiya edilmiş üçüncü hakimdir. Onunla birlikdə məhkəmədəki ideoloji tarazlıq dəyişib və mühafizəkarlar 6-3 səs fərqli ilə üstünlük təşkil edir.

Baş hakim Con Roberts çərşənbə axşamı Ali Məhkəmədə özəl mərasimdə ikinci andiçməni icra edəcək. Bundan əvvəl hakim Klarens Tomas bazar ertəsi axşam saatlarında Ağ Evdə keçirilən mərasimdə andiçmə icra edilib.

“Ölkəmə bu vəzifədə xidmət etmək bir imtiyazdır və mən bu gün burada böyük qürur və təvazökarlıq hissi keçirirəm,” Barret bazar ertəsi deyib. “Mən həmçinin bu vəzifəyə təyin olmağıma razılıq verən Senata təşəkkür edirəm. Mən sizin mənə göstərdiyiniz etimada görə çox minnətdaram və sizə və Amerika xalqına söz verirəm ki, vəzifə borcumu bacardığım qədər ən yüksək səviyyədə yerinə yetirəcəm,” o əlavə edib.

Demokratlar tənqid edir

Demokratlar iddia edirdi ki, Ali Məhkəməyə prezident seçkisində qalib gələcək namizəd nominasiya irəli sürməlidir. Respublikaçılar 2016-cı ilin əvvəlində Ali Məhkəmədəki yer boşalanda seçki ili olduğu üçün bənzər qərar qəbul etmişdilər. Onlar Demokrat prezident Barak Obamanın nominasiya etdiyi apellyasiya məhkəməsinin hakimi Merrik Qarlandın namizədliyini nəzərdən keçirməyi rədd etmişdilər.

“Emi Koni Barretin Ali Məhkəməyə hakim kimi namizədliyinin seçki ərəfəsində daha öncə görülməmiş və tələsik bir şəkildə təsdiq edilməsi hər bir amerikalıya səslərinin mühüm olduğunu xatırlatmalıdır,” prezidentliyə Demokrat namizəd Co Bayden bazar ertəsi açıqlamasında bildirib.

Tramp bazar ertəsi Barreti tərifləyərək onun “ölkənin ən görkəmli hüquqşünaslarından biri” olduğunu və “ölkənin ən ali məhkəməsində ədaləti təmin edəcəyini” deyib.

XS
SM
MD
LG