Millətlərin Araşdırılması Dərnəyi oktybarın 8-də "Dağlıq Qarabağ münaqişəsi: Uzun müddətli münaqişədəki son zorakılıqların kontekstləşdirilməsi” adlı vebinar keçirib.
Vebinarda çıxış edənlər arasında yer alan Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi və Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında adlı kitabın müəllifi Tomas de Vaalın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin yenidən başlamasına səbəb odur ki, Ermənistanın baş naziri 2018-ci ildə hakimiyyətə gələndə, “o, son 20 ildə Ermənistanın Qarabağdan olmayan ilk baş naziri olduğuna görə, azərbaycanlılarda böyük ümid yaranmışdı.”
Onun sözlərinə görə, iki ölkənin liderləri arasında ilk bir neçə görüş müsbət keçsə də, daha sonra vəziyyət dəyişdi. De Vaalın fikrincə ən böyük məyusluq Nikol Paşinyanın Qarabağa gedərək orada “Artsax Ermənistanındır” deməsindən sonra yaşandı.
Tomas de Vaal hərbi əməliyyatlara ilk Azərbaycan tərəfinın başladığını güman edir.
“Onlar status-kvonu dəyişmək istəyirlər, ermənilərin isə status-kvonu dəyişmək istəyi yoxdur” o deyib.
Onun fikrincə, döyüşlərin indi başlamasının bir neçə səbəbi var ki, bunlardan biri Türkiyənin dəstəyidir. Tomas de Vaal deyib ki, Türkiyə indiyə kimi Azərbayacanı yalnız siyasi baxımdan dəstəkləsə də, münaqişənin həllində gücdən istifadəni dəstəkləmirdi.
“Türkiyənin Azərbaycana ritorikada və siyasətində hərbi yardımla təmin etməsi bu dəfə balansı Azərbaycanın xeyrinə dəyişdi”, o söyləyib.
O düşünür ki, bundan əlavə ABŞ-ın başının daxili məsələlərə, Avropanın isə xüsusilə də COVID-ə qarışması da buna təkan verən səbəblər arasında yer alır.
Lakin Tomas de Vaalın fikrincə, döyüşlərə əngəl törədəcək bir neçə amil var.
Onun sözlərinə görə, Azərbaycan ordusu cənubdakı alçaq əraziləri geri almaqda müvvəffəq olub, amma yüksəklikləri, dağlıq əraziləri almaq tələfatlı olacaq və bunun üçün daha çox gənc əsgərlərin döyüşlərə getməsi tələb olunacaq.
Onun fikrincə, digər bir amil qabaqdan qışın gəlməsidir və dağlıq ərazidə qışda döyüşmək çətin olacaq.
Vebinar iştirakçılarından Londonda qərargahlanan Chatham House təşkilatının Rusiya və Avrasiya üzrə mütəxəssisi Laurens Broers isə hadisələrin üç mümkün gedişatının ola biləcəyini deyib.
Onun fikrincə, bunlardan birincisi hərbi gedişatdır ki, tərəflərin hər hansı birinə həlledici zərbə dəydiyi halda bu, Türkiyə və Rusiyaya münaqişəyə qoşulmaları üçün təzyiq göstərə bilər.
İkinci gedişat regionalizasiya və ya Türkiyə ilə Rusiya arasında mümkün geopolitik sazişin imzalanmasıdır. Onun sözlərinə görə, bir çox təhlilçi düşünür ki, Türkiyə danışıqlar prosesinə nəzarət etmək üçün Rusiya ilə yeni razılıq əldə etmək istəyir.
“Bu halda Türkiyə və Rusiya rəqib deyil, Avro-atlantik aktyorları kənar edərək, strateji muxtariyyətlərini qorumaq kimi ortaq məqsədi olan tərəfdaş ola bilərlər.”
Üçüncü yol isə çoxmillətli diplomatiyaya geri dönmək və “münaqişəni yenidən canlandırılmış diplomatik proses çərçivəsinə daxil etməkdir.”
Onun fikrincə, yenidən canlanmış ATƏT-in sülh prosesi iki əsas məsələni əhatə etməlidir. Bunlardan biri odur ki, ATƏT-in atəşkəsə nəzarət mandatı yenilənməlidir. İkincisi isə əsaslı danışıqlar olmalıdır, “çünki son on ildə mənalı danışıqlar aparılmayıb.”
“Əgər biz yenidən başqa bir qeyri-sabit və davamlı olmayan atəşkəsə dönmək istəmiriksə, daha transformativ yanaşmaya ehtiyacımız var,” Broers deyib.
Vebinar iştirakçısı və Birləşmiş Krallıqda York Universitetinin professoru Nina Kaspersenin fikrincə də, deeskalasiyaya üç mümkün ssenari gətirib çıxara bilər. Bunlardan birincisi döyüşlərin əsas məqsədlər yerinə yetildiyi zaman dayanmasıdır. İkincisi odur ki, məqsəqlər yerinə yetirilmir, döyüş isə çox baha başa gəlir. Üçüncü də cəlbedici və ya ən azından məqbul bir həll yolunun yaranmasıdır.
Onun fikrincə, bu dəfə Azərbaycanın məqsədi hərbi xarakter daşıyır. O deyir ki, Azərbaycan reallığı və güc balansını dəyişmək istəyir. Lakin onun fikrincə, müharibə uzansa, tələfatlar arta və bu da deeskalasiyaya gətirib çıxara bilər.
Ancaq Kaspersen düşünür ki, hərbi münaqişə Azərbaycana baha başa gəlsə belə, döyüşlərin dayandırılması üçün Azərbaycana məqbul alternativ həll yolu irəli sürülməlidir.
“Zənnimcə, məntiqə uyğun olaraq aydındır ki, bu alternativ həll yolu sadəcə olaraq yeni atəşkəs ola bilməz. Bununla birlikdə ya bəzi ərazilər üzərində nəzarət ələ keçirilməlidir, ya da sülh danışıqları baxımından daha əsaslı şərtlər olmalıdır,” o deyib.