Mingəçevir şəhərinə, Xızı rayonu və Abşeron bölgəsinə raket zərbələri endirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev axşam saatlarında məlumat yayıb.
Qeyd olunub ki, atəşlər nəticəsində yaralananlar var.
Ermənistan tərəfi isə bu ittihamı rədd edərək Azərbaycanın "təxribata zəmin" yaratdığını bildirib.
Rəsmi Yerevan Azərbaycan qüvvələrini Dağlıq Qarabağdakı erməni yaşayış məntəqələrini, xüsusilə Xankəndini hədəf almaqda günahlandırıb.
Yerli Azərbaycan mənbələrinin məlumatına görə, şəhər üzrə bir neçə raket buraxılıb ki, onların heç biri hədəfə çatmayıb. Mingəçevir elektrik stansiyası və Mingəçevir su anbarına zərər dəyməyib.
“Bəzi raketlər havada məhv edildi. Meşə zolağında onların düşdüyü yerdə yanğın baş verib,” sakinlərdən biri deyib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter hesabında yazıb ki, Ermənistan Silahlı Qüvvələri Xızı rayonu ərazisinə raket zərbələri endirib.
Hacıyev qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki 300 kilometr məsafəli orta mənzilli raket atılıb. O, həmçinin əlavə edib ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri, Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevir şəhərinə isə iki raket atılıb.
Ermənistan Müdafiə Nazirliynin mətbuat katibi Şuşan Stepanyan deyib ki, Ermənistan ərazisindən Azərbaycan istiqamətinə hər hansı raket zərbəsi endirilməyib.
"Azərbaycan tərəfi heç bir dəlil olmadan indi Ermənistan Silahlı Qüvvələrinin Xızı və Abşeronu hədəf aldıqlarını bildirir. Bu, Azərbaycanın təxribata zəmin hazırladığını sübut edən növbəti yalandır," Şuşanyan Twitterdə yazıb.
Oktyabrın 4-də erkən saatlarda Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə raket atəşinə tutulub, bir nəfər həlak olub, 32 nəfər xəsarət alıb. Bu günə qədər erməni qüvvələrin açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxsin həlak olub, 111 nəfər yaralanıb.
Şuşan Stepanyan Twitter səhifəsində Azərbaycan qüvvələrinin Xankəndində törətdiyi dağıntıları göstərən video paylaşıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefona söhbətində Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan Türkiyənin müqanişədə rol oynadığını deyərək Azərbaycanın "aqressiv əməliyyatlarını" müzakirə etdiyini bildirib.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.