Türkiyə Azərbaycana lazım olan hər cür dəstək göstərəcəyini bildirib. Ankaranın bəyanatı Azərbaycan və Ermənistan qüvvələri arasında münaqişənin dərinləşə biləcəyinə işarə kimi dəyərləndirilir.
Bazar ertəsindən etibarən tərəflər arasında ağır artilleriya döyüşləri aparılır. Müşahidəçilər son döyüşləri 1990-cı illərdən başlayan münaqişədə ən ağır döyüşlər adlandırır.
Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Ermənistanı “bölgədəki sülh üçün ən böyük təhdid” adlandıraraq, Azərbaycana dəstəyini bildirib. Türk lideri "bütün dünyanı işğal və qəddarlığa qarşı mübarizədə Azərbaycanla birlikdə olmağa" çağırıb.
Ermənistanın Xarici İşlər Nazirliyi bazar ertəsi Türk hərbi "mütəxəssislərinin" "Azərbaycanla çiyin-çiyinə vuruşduğunu" bildirib. Türkiyə hökuməti rəsmiləri ittihamları şərh etməkdən imtina etdilər.
"Türk qoşunları cəbhə xəttində olmayacaq, Azərbaycan qüvvələrinin onlara ehtiyacı yoxdur," türkiyəli təhlilçi İlhan Üzgel bildirib. Lakin Üzgel Ankaranın Bakının əsas hərbi müttəfiqi olaraq qaldığını bildirib.
"Türkiyə artıq Azərbaycana hərbi dəstək verir ki, bu, silah satışları kimi texniki yardım, kritik hərbi yardım, ələlxüsus silahlı dronlar və texniki ekspertiza sahəsində özünü büruzə verir. Türkiyə üçün qırmızı xətt Rusiyanın münaqişəyə qatılmasıdır. Türkiyə Moskva ilə birbaşa qarşıdurma istəmir."
Moskva Yerevanın əsas dəstəkçisidir və Rusiyanın Ermənistanda hərbi bazası yerləşir.
Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.
"Ermənistan-Rusiya münasibətləri möhkəmdir. İndi cəbhə xəttində itkilərlə qarşılaşan Yerevan Moskvadan daha çox dəstək gözləyəcək," Almaniyanın Bonn Universitetinin Rusiya məsələləri üzrə mütəxəssisi Zaur Qasımov bildirib.
Hələ döyüşlər başlamazdan əvvəl Bakı Moskvanı iyul ayından bəri Ermənistana silah verməklə cəsarətləndirməkdə günahlandırmışdı.
"Ermənistana 500 ton hərbi sursat çatdırılıb. Aydın edək ki, bu, Rusiyadan gəlib," Azərbaycan Xarici İşlər Hazirliyinin rəhbəri Hikmət Hacıyev sentyabrın əvvəlində Türkiyədə jurnalistlərə bildirib.
Hikmət Hacıyev Türkiyənin hərbi yardımının əhəmiyyətini də vurğulayıb. "Türkiyənin Azərbaycana möhkəm və qətiyyətli dəstəyini görürük. Quru qoşunlar, terrorla mübarizə xüsusi dəstələrinin əməliyyatları və hava qüvvələri olmaqla, hər il 10 ortaq hərbi təlim keçiririk."
Ankara Bakını Dağlıq Qarabağı geri almaq səylərində uzun müddətdir dəstəkləyir və Ərdoğan bazar ertəsi Ermənistanın işğal etdiyi ərazini dərhal tərk edəcəyi təqdirdə bölgədə sülh və barışığın bərpa olacağını deyib.