Accessibility links

Almaniya Navalnının zəhərlənməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalarla hədələyir


Almaniyanın xarici işlər naziri Heiko Maas
Almaniyanın xarici işlər naziri Heiko Maas

Almaniyanın xarici işlər naziri Kremlin yaxın gələcəkdə müxalifət lideri Aleksey Navalnının ehtimal edildiyi zəhərlənməsi barədə məlumat vermədiyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasının mümkünlüyünü istisna etməyib.

Heiko Maas Almaniyanın Bild am Sonntag qəzetinə hücumun arxasında Moskvanın oldğuna dair "bir neçə əlamət" olduğunu bildirib.

Əgər hökumətin hücumla heç bir əlaqəsi yoxdursa, bunu faktlarla təsdiq etmək onun öz marağındadır.
Heiko Maas

"Əgər yaxın günlərdə Rusiya nə baş verdiyini aydınlaşdırmağa kömək etməsə, müttəfiqlərimizlə cavab tədbirlərini müzakirə etmək məcburiyyətində qalacağıq", Maas bildirib. O qeyd edib ki, hər hansı sanksiya "hədəfləyici" olmalıdır. Almaniya hazırda Avropa Birliyinə liderlik edir.

"Bizim Rusiya hökumətinin bu ağır cinayətin üstünü açacağı ilə bağlı gözləntilərimiz yüksəkdir", Maas bildirib. "Əgər hökumətin hücumla heç bir əlaqəsi yoxdursa, bunu faktlarla təsdiq etmək onun öz marağındadır", o əlavə edib.

Aleksey Navalnının müalicə olunmaq üçün Almaniyada Berlinin Charite xəstəxanasına gətirilməsindən öncə polis binanın qarşısında keşik çəkir, 22 avqust, 2020.
Aleksey Navalnının müalicə olunmaq üçün Almaniyada Berlinin Charite xəstəxanasına gətirilməsindən öncə polis binanın qarşısında keşik çəkir, 22 avqust, 2020.

Maas Rusiyadan qazı Avropaya nəql edəcək, inşası davam edən 11 milyard dollarlıq Şimal Axını 2 qaz kəmərinə qarşı sanksiyaları da istisna etməyib.

"Mən ümid edirəm ki,... Rusiya tərəfi bizi Şimal Axını ilə bağılı mövqeyimizi dəyişdirməyə məcbur etməyəcək" – deyə, o bildirib.

Maas Almaniyanın müvafiq qiymətləndirmədən sonra layihənin potensial ləğvi ilə bağlı addım atmaqdan çəkinməyəcəyini və sanksiyalarla bağlı müzakirələrin bir maddəyə “endirilməməli” olduğunu bildirib.

Almaniya hökuməti bu həftənin əvvəli Navalnının Noviçok maddəsi ilə eyni qrupdan olan sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini bildirib.

"Noviçok yalnız az sayda insan tərəfidən əldə edilə bilər və bu zəhərdən Rusiya xüsusi xidmət orqanları tərəfindən keçmiş agent Sergey Skripala qarşı istifadə edilmişdi", Maas Bild am Sonntag qəzetinə bildirib.

"Kimyəvi silahların istifadəsi insan həyatına tam hörmətsizliyi nümayiş etdirir və beynəlxalq norma və qaydaların qəbuledilməz şəkildə pozulmasıdır," NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO səfirlərinin təcili iclasından sonra sonra jurnalistlərə bildirib.

Stoltenberg alyans üzvlərinin Rusiyanın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı tərəfindən monitorinq edilən qərəzsiz istintaqın aparılmasında hərtərəfli əməkdaşlıq etməsinin vacibliyi ilə bağlı razılıq əldə etdiyini bildirib. Onun bildirdiyinə görə, NATO üzvləri həmçinin razılaşıblar ki, Rusiya bir sıra ciddi sualları cavablandırmalıdır.

Kreml Rusiyanın aparıcı müxalif siyasətçisinin qəfil xəstələnməsinin arxasında olduğu barədə ittihamları rədd edib.

Rusiya prezidenti Vladimir Putinin ən kəskin tənqidçilərindən biri və korrupsiya hallarını araşdıran Aleksey Navalnı Sibirdən Moskvaya uçuş zamanı xəstələnib. Təyyarə bu səbəblə Omskda təcili enməli olub.

Köməkçisi Navalnının hava limanındakı bir kafedə içdiyi çayın onun fikrincə zəhərləndiyini bildirib.

Navalnı üç gün sonra beynəlxalq hiddət fonunda həyat yoldaşı və yaxınlarının təkidi ilə "geniş tibbi müayinə" üçün Almaniyanın Charite klinikasına aparılıb.

XS
SM
MD
LG