Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.
“Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunmuşdur. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işınə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq,” səfirliyin məlumatında deyilir.
ABŞ Səfirliyi, həmçinin bu yaxınlarda REAL siyasi partiyasının dövlət tərəfindən qeydiyyata alınmasını alqışlayır.
Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.
Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.
Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.
Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.
Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.
Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib..
Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.