Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə söhbət zamanı bildirib ki, Belarus hökuməti dinc nümayişçilərə qarşı "zorakılıq tətbiq etməkdən çəkinməlidir". Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Merkel həmçinin qeyd edib ki, Belarus hakimiyyəti siyasi məhbusları dərhal azad etməli və "böhrandan çıxmaq üçün müxalifət və cəmiyyətlə milli dialoqa getməlidir".
Avqustun 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk Traktor Təkər Zavodunun kollektivi ilə görüşü zamanı demişdi ki, bazar günü Merkel onunla "danışmaq" istəyib: "Dünən Merkel zəng vurdu: "danışmaq istəyirəm" dedi", Lukaşenko qeyd edib.
Elə həmin gün Almaniya hökuməti onun dediklərini təkzib edib: "Seçki günündən bəri belə bir telefon danışığı olmayıb".
Belarusda ikinci həftədir ki, seçkinin nəticələri elan olunduqdan sonra başlayan kütləvi etirazlar davam edir. Etirazların ilk günlərində 7 mindən çox insan nəzarətə alınıb, bir çoxu təhlükəsizlik işçiləri tərəfindən ağır döyülüb, azı iki nəfər ölüb. Yüzlərlə həbs olunan və döyülən insan hələ də istintaq təcridxanalarında və xəstəxanalardadır. Onlarla insanın harada olduğu bilinmir, hüquq müdafiəçiləri onların da öldürülə biləcəyindən qorxurlar. Bu gün Lukaşenko 300-dən çox təhlükəsizlik işçisini üçünücü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edib.
Böyük Britaniya, Kanada və İrlandiyanın Xarici İşlər nazirlikləri Belarus Prezidentinin "saxta seçkilər"inin nəticələrini tanımadıqlarını açıqlayıblar. Etirazların dağıdılmasından sonra Avropa İttifaqı xarici işlər nazirləri "zorakılıq və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Belarus rəsmilərinə" qarşı yeni sanksiyalar tətbiq etmək barədə siyasi qərar verib. Avropa Parlamentində təmsil olunan ən böyük partiyalar avqustun 17-də oxşar bəyanatla çıxış ediblər: bəyanatda Belarusdakı son seçkilərin nəticələrini tanımaqdıqları qeyd olunur və Svetlana Tixanovskayanı qalibi hesab edirlər, eyni zamanda ölkə prezidenti Alexander Lukaşenkonu persona non-grata elan edirlər.