ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) and Endryu Şofer (ABŞ) Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı bəyanat yayıb.
Bəyanatda sərhəddə baş verən atəşkəsin pozulması nəticəsində həyat itkisi baş verdiyi və ağır artilleriyadan istifadə olunduğu vurğulanır.
Həmsədrlər toqquşmalarda ailə üzvlərini itirənlərə başsağlığı verərək kədərlərini ifadə ediblər.
"Minsk Qrupu həmsədrləri baş vermiş atəşkəs pozuntularını pisləyir və tərəfləri eskalasiyasnın qarşısını almaq üçün bütün mümkün tədbirlər görməyə, o cümlədən mövcud birbaşa kommunikasiya kanallarından istifadə etməyə çağırırlar," bəyanatda deyilir.
Həmsədrlər həmçinin tərəfləri tez bir zamanda danışıqları bərpa etməyə çağırıblar.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) iyulun 13-nə keçən gecə ərzində gərginlik davam edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
“Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.”
Nazirlik bildirir ki, gecə döyüşündə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Rəşid Mahmudov həlak olub.
Müdafiə Nazirliyi cəbhədə Ermənistan hərbi obyektinin vurulmasının əks olunduğunu bidlirdiyi video görüntü də yayıb.
Ermənistanın millət vəkili Andranik Koçaryan erməni qüvvələrin Azərbaycana məxsus bir neçə pilotsuz təyyarə vurduğunu bildirib.
Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyulun 13-də gecə saatlarında atışmalar davam edib, 2-3 saatlıq fasilədən sonra səhər saatlarında atışmalar yenidən bərpa olunub.
Nazirliyin sözçüsü Şuşan Stepanyan Azərbaycan tərəfinin sərhəddəki Çinari adlı kəndi 82 və 120 mm çaplı artilleriyadan atəşə tutduğunu bildirib.
Ermənistan tərəfi baş verən toqquşmalarda üç hərbi qulluqçusunun yüngül yaralandığını bildirir.