Accessibility links

Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi aradan qaldırılır


Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, mayın 18-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 8-dən 18-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).

Məlumatda qeyd edilir ki, 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslərə COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir.

Bundan əlavə məlumatda qeyd edilir ki, hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır.

Bütün yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

Dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; toy məclislərinin təşkilinin qadağan olunması; bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

Əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

Muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması; ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18-dən 8-dək yerində xidmətin dayandırılması; tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); massaj və hamam xidmətlərinin göstərilməsi;

Qısa məlumat

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən də mayın 9-dək paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.

Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Aprelin 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəyə giriş-çıxış qadağasının mayın 31-nə qədər uzadıldığını elan edib.

XS
SM
MD
LG