Accessibility links

Araşdırma: Balkandan gəlmiş fəhlələr Azərbaycanda "qul" şəraitində saxlandıqlarından Avropa Məhkəməsinə şikayət ediblər


Seudin Zoletiç
Seudin Zoletiç

“Mən heç vaxt təsəvvür edə bilməzdim ki, 21-ci əsrdə həyat bu qədər qəddar ola bilər. İnsanlara qarşı bu qədər ədaləstizlik ola bilər.”

Bunu SerbAz şirkəti vasitəsilə Azərbaycanda Buta Palace, Baku Ekspo Mərkəzi kimi binaların tikintisində dəhşətli şərtlər altında çalışan Seudin Zoletiç deyir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) üzə çıxardığı araşdırma xarici işçilərin Azərbaycanda işlədikləri zaman məruz qaldıqları haqsızlıqlara, dəhşətli iş və yaşayış şəraitlərinə işıq salıb.

Bir-birimizə baxdıq. Bu nədir? Aman allah, mən hara gəmişəm?

“İnkişafa aparan kölələr” adlı hesabatın ilk hissəsində SerbAz şirkətinin Azərbaycanda Buta Palace, Baku Ekspo Mərkəzi kimi binaların tikintisinə Balkan ölkələrindən işçiləri cəlb etdiyi bildirilir. OCCRP-nin apardığı araşdırma nəticəsində şirkətin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı və yaxın tərəfdaşına məxsus olduğuna dair məlumatlar ortaya çıxıb. Nazirlik SerbAz şirkətini 54 milyon manat dəyəri olan bu inşaat layihələrini həyata keçirmək üçün işə alıb.

Azad Rəhimov, həyat yoldaşı Zulfyyə və onun biznes tərəfdaşı araşdırma müəlliflərinin suallarını cavablandırmaqdan boyun qaçırıb.

OCCRP-nin həm-təsisçisi Dru Sallivan Amerikanın Səsinə deyib ki, onlar məsələ ilə bağlı səfirliklər, nazirlik, nazirin qohumları ilə əlaqə qurmağa çalışsa da, onlardan heç bir cavab çıxmayıb.

“Onlar heç inkar da etmədilər. Sən ciddi nədəsə ittiham olunanda, bunu inkar edirsən. Amma Azərbaycanda onlar heç sənə cavab da vermək istəmirlər," Sallivan deyir.

Zoletiç xatırlayır ki, o, ilk dəfə SerbAz-ın təklif etdiyi iş barədə eşidəndə çox həvəslənmişdi. Şirkət ona saatbaşı $5-8 dollar təklif edir və bu, ona cazibədar görünürdü.

Balkandan gətirilmiş fəhlələr Buta Palace kimi dəbdəbəli binaların inşasına cəlb olunublar.
Balkandan gətirilmiş fəhlələr Buta Palace kimi dəbdəbəli binaların inşasına cəlb olunublar.

Lakin Azərbaycana ayaq basandan çox qısa müddət sonra Zoletiç aqibətinin öz əlində olmadığını dərk edir.

Zoletiçi və digər işçiləri hava limanında qarşılayan insas onların pasportlarını təhvil vermələrini istəyir. O bunun yanlış olduğunu düşünsə də, başqa çarəsi olmadığı üçün pasportunu təhvil verir.

Daha sonra onlar avtobuslarda 2 metr hürdürüyündə hasarları olan böyük bir evə aparılır. Həmin evdə 100-dən çox insan qalırdı.

"Bir-birimizə baxdıq. Bu nədir? Aman allah, mən hara gəmişəm?" Zoletiç keçirdiyi hissləri xatırlayır.

Onlara evi yalnız icazə alandan sonra tərk edə biləcəklərini deyirlər.

“Hər yataq otasında iki mərtəbəli yataqlar var idi və onlar o qədər bir-birilərinə yaxın idilər iki, aralarına keçmək mümkün deyildi. Evin dəhlizi, saunası hətta hovuzu yataq kimi istifadə olunurdu,” Zoletiç xatırlayır.

Çoxları elə görkəmdə idi, sanki konslagerdən təzəcə çıxıb. Gəldikləri günlə müqayisədə onlar tanınmaz halda idilər.

Onun dediyinə görə, iş şəraiti çox yorucu idi. İş hər gün səhər saat 5-də başlayıb, axşam 9-a kimi davam edirdi. İşçilərə yeməyə boyat çörək, yumurta və kolbasa verirdilər.

Bir çox işçi Bakıda keçirdiyi müddət ərzində çox arıqlamışdı.

Zoletiç deyir ki, “onlar sanki konsentrasiya düşərgəsində çıxmışdılar.”

İşçilər tualet və hamamdan istifadə etmək üçün saatlara gözləyirdilər, çünki evdə yalnız iki hamam otağı var idi.

Fəhlələrin pulunu kəsmək üçün onlara ağlasığmaz cərimələr tətbiq olunurdu. Yatağı yığışdırmamaq - $50 dollar, iş vaxtı oturmaq - $100 dollar, alkoqol içmək $500 dollar və s. Məqsəd uydurma məvacibin məbləğini heçə endirmək idi.

Zoletiçin dediyinə görə, işçilər arasında ölənlər də var idi. Bəziləri isə döyülürdü.

OCCRP-i hesabatda qeyd edir ki, bir müddət sonra işçilərin çarəsizliyi və artan aclıq durumu artıq diqqət cəlb etməyə başladı və buna ilk diqqəti çəkən inşaat yerlərinin yanındakı balaca dükanda işçilərə siqaret və yemək satan bir kişi oldu. O, Azərbaycan Miqrasiya Mərkəzi adlı yerli qeyri-hökümət təşkilatı ilə əlaqə saxlayır. Keçmis polis işçisi olan Əlövsət Əliyevin idarə etdiyi bu QHT-nin bit işçisinin inşaatın hasarından bir-neçə dildə yazılmış buklet atması ilə də bir içşi onlarla əlaqə saxlayır.

Əlövsət Əliyev işçilərlə birlikdə
Əlövsət Əliyev işçilərlə birlikdə

Əliyev işçi ilə gizli görüşəndən və onun göstərdiyi şəkilləri görəndən sonra hərəkətə keçdi. O, AzadlıqRadiosu ilə əlaqə saxlayır və həmin evə gedib çəkiliş aparır. Daha sonra isə orada şahid olduğu mənzərədən sonra narahat olub, işçilərin gəldikləri ölkələrin səfirlikləri və beynəlxalq təşkilatlarla əlaqə saxlayır.

Əliyev pərdə araxasında həmçinin Azərbaycan hökümətinin nümayəndələri ilə də görüşlər keçirir, işçilərin maaşlarının ödənməsi və evlərinə geri göndərilmələrini tələb edir, amma proses çox yavaş irəliləyir və o, sərt müqavimətlə üzləşir.

Dru Sallivanın Amerikanın Səsinə dediyinə görə, Əlövsət Əliyev bu məsələni araşdırdığına görə təhdidlərə məruz qalıb və nəticədə Azərbaycanı tərk etməyə məcbur olub.

“Bu, onu göstərdi ki, bu məsələ yüksək səviyyədə dəstəklənirdi. Biz bu işdən ən çox birinci ailənin faydalandığından şübhələnirik,” o deyib.

Bir ailə hakimiyyətdə bu qədər uzun qalanda və dünyaya sahib olduğunu düşünəndə bu baş verir. Onlar Azərbaycan kimi ölkələri şəxsi feodal torpaqları kimi görür.
Drü Sallivan

Hesabatda qeyd edilir ki, artıq hadisə ictimailəşəndən və işçilər etiraz etməyə başlayandan sonra SerbAz onları yavaş-yavaş ölkələrinə geri göndərir.

Lakin onlara çox cüzi pul ödənir.

Zoletiç və bir neçə başqası ölkələrinə geri dönəndən sonra onlara qarşı pis rəftara görə məhkəmə işləri başladılar.

Serbiyanın insan alveri ilə mübarizə aparan təşkilatı Astra işçiləri soğru-sual edir, onlardan məlumatlar toplayır. Bosniyalı prokurorlar isə bu məlumatlara əsaslanaraq, istintaq başladır və SerbAzın 13 yerli nümayəndəsini həbs edir.

Azərbaycanda isə Əlövsət Əliyevin təşkilatı işçilərin adından maaşları gecikdirdiyinə və mənəvi zərərə görə SerbAz-ı məhkəməyə verir. SerbAz isə işçilərin ilk olaraq SerbAz-la deyil, Angilyada qeydiyyatdan keçən şirkətlə müqavilə bağladıqlarını və buna görə də, Azərbaycannın əmək qanunlarının onlara aid olmadığını iddia edir və məhkəmə şikayəti rədd edir.

Zoletiçin son ümidi Avropa İnsan Haqları Məhkəməsidir. Məhkəmənin işçilərin işi ilə bağlı bu il qərar verəcəyi gözlənilir.

İşçilərin çoxu danışmaqdan çəkinsələr də, Zoletiç bunun bir daha təkrarlanmasının qarşısını almaq üçün danışmağın mühüm olduğunu deyir.

“Mən heç vaxt təsəvvür edə bilməzdim ki, 21-ci əsrdə həyat bu qədər qəddar ola bilər, insanlara qarşı bu qədər ədalətsizlik ola bilər.”

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin həmtəsisçisi Dru Sallivan deyir ki, bu məsələ onu göstərir ki, Azərbaycan hakim ailənin korrupsionerliyi baxımından ən pis vəziyyətdə olan ölkələr sırasındadır.

"Bir ailə hakimiyyətdə bu qədər uzun qalanda və dünyaya sahib olduğunu düşünəndə, bu baş verir. Onlar Azərbaycan kimi ölkələri şəxsi feodal torpaqları kimi görür."

XS
SM
MD
LG