İranın Tibb Bacıları Təşkilatının rəhbəri ölkənin şimal bölgəsində çalışan həkimlər, şəfqət bacıları və yardım işçilərinin vəziyyətinə dair narahatlığını ifadə edib. Belə ki, tibbi personal arasında koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb.
"Koronavirusa qarşı maska, əlcək, xələt kimi müdafiə ləvazimatlarının çatışmazlığı şimal bölgədəki səhiyyə obyetklərində problemlər yaradıb" - deyə, Məhəmməd Mirzəbeqi bildirib.
İRNA xəbər agentliyinə danışan Mirzəbeqi deyib ki, ədliyyə sistemi bu ləvazımatı toplayanlara qarşı ciddi ölçülər götürməlidir.
Şənbə günü bir neçə iranlı və tacik maska, alkoqol və termometrləri saxladıqlarına görə məhkəmə qarşısına çıxarılıb.
Gilan vilayətinin qanunvericisi xəstəxanalardakı pasiyentlərin 90 faizinin koronavirusa yoluxanlar olduğunu bildirib. İranın əhalinin sıx yaşadığı şimal sahil bölgələrində hər gün 30 adamın virus səbəbi ilə öldüyü bildirilir.
Millət vəkili Qulam Əli Cəfərzadə xəstəxana işçilərinin yarısının virusa yoluxduğunu deyib.
Virusa yoluxan ilk tibb işçisi 25 yaşlı tibb bacısı olub. Gilan vilayətində həmin tibb bacısı fevralın 23-də vəfat edib. Onun virusa yoluxduğuna dair test nəticələri ölümündən bir həftə sonra gəlib.
İndiyədək ölən 12 tibb işçisindən 9-u Gilan vilayətinin payına düşüb.
Bazar günü İran mətbuatına məlumat verən Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun açıqlamalarına görə, İranda koronavirus səbəbilə ölənlərin sayı 194-ə çatıb. Cahanpur həmçinin virusun 6 566 nəfərdə aşkar edildiyini bildirib.