Güney Azərbaycan Demokrat Partiyasının başqanı Amerikanın Səsi ilə söhbətdə son xalq etirazlarından sonra İrandakı siyasi tənlikləri və müxalif qrupların durumunu dəyərləndirib.
Mahmud Bilgin deyir ki, İran hakimiyyəti artıq xalq içində nüfuzunu itirib, amma müxalif qüvvələr arasında liderlik probleminin çözülmədiyi təqdirdə qeyri-populyar hakimiyyətin ömrü uzana bilər.
Bu etirazlarda artıq Xameneyi birbaşa millətin qarşısında durdu. İndiyədək özünü gizlədirdi.
“Bu etirazlarda artıq Ayətulla Əli Xameneyi birbaşa millətin qarşısında durdu. İndiyədək özünü gizlədirdi. Prezidenti önə atıb özünü başda tuturdu. Amma bu dəfə bu sistemin aparıcı lideri məcbur qaldı ki, birbaşa meydanda olsun. İranda yaşayan millətlər artıq bildilər ki, onların əsas problemi Vilayəti Fəqih sistemi və Xameneyidir. İslahatçılıq və mühafizəkarlıq oyundan başqa bir şey deyildir,” Mahmud Bilgin söyləyir.
Siyasi fəal;n dediklərinə görə, noyabrın 15-də başlanan və yüzlərlə vətəndaşın ölümü ilə nəticələnən son xalq etirazları keçmiş etirazlara nisbət'n daha geniş bir bazada həyata keçirilib:
Artıq bilindi ki, bu hakimiyyətdə heç bir ümid yeri yoxdur. Bütün millətlərin qorxusu töküldü. Amma bu ki, tez nəticə verəcək ya verməyəcək, liderliyə bağlıdır. Müxalifətdə liderlik olmasa, aralarında anlaşma olmasa, rejimin ömrü daha uzanar.
“2017 etirazları müəyyən qədər kiçik şəhərlərdə idi amma bu dəfə böyük şəhərlərdə oldu və xüsusilə İranın bütün xalqları bu hərəkatda yer aldı.”
Mahmud Bilginin sözlərinə görə, hakimiyyətin artıq xalq yanında legitimliyi qalmayıb, amma müxalif qruplar da liderlik problemi yaşayırlar:
“İran hakimiyyəti öz imicini itirdi. Mühafizəkar və islahatçı mövzusu birdəfəlik bitdi. Bilindi ki, bu hakimiyyətdə heç bir ümid yeri yoxdur. Bütün millətlərin qorxusu töküldü. Amma bu ki, tez nəticə verəcək ya verməyəcək, liderliyə bağlıdır. [Müxalifətdə] liderlik olmasa, aralarında anlaşma olmasa, rejimin ömrü daha uzanar.
2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında baş qaldıran kütləvi etirazlar zamanı İran Azərbaycanının bir neçə bölgəsində, habelə əhalisinin böyük kəsiminin türk olduğu bəzi digər şəhərlərdə, əhali küçələrə çıxsa da, İranda “inqilablar beşiyi” kimi tanınan Təbrizdə nümayişlər baş tutmamışdı.
Mahmud Bilgin türklərin son kütləvi etirazlara iştirakını bir başlanğıc olaraq dəyərləndirir.
“Türklər və Güney Azərbaycanın da bu etirazlara ehtiyatlı bir şəkildə qatılması bir başlanğıc idi və mən düşünürəm ki, gələcəkdə böyük hərəkatlara zəmin yaradacaqdır,” Güney Azərbaycan Demokrat Partiyasının başqanı ifadə edir.
Siyasi fəal əlavə edir ki, “bu ehtiyatlı qatılmaq hərəkatımıza böyük bir təcrübə qazandırdı ki, biz özümüzə güvənərək, sadəcə milli məsələlərimiz yox, bəlkə iqtisadi məsələləri də əsas tutaraq digər millətlərlə birlikdə hərəkət edə bilərik. Bu bir pozitiv olay idi. İqtisadi məsələlər bütün millətlərin məsələsidir.”