Accessibility links

Milli Şuranın aksiyasına beynəlxalq və rəsmi münasibət


Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası

Milli Şuranın oktyabrın 19-da mitinq keçirməyə cəhdi zamanı çoxsaylı insanların saxlanılması və həbsi geniş müzakirələrə səbəb olub. Beynəlxalq qurumlar dinc nümayişçilərin tutulmasını pisləyən bəyanatla çıxış edib. Rəsmi Bakı isə tənqidləri qəbul etmir.

Müxalifət aksiya zamanı yüzlərlə insanın salxanıldığını bildirir. Onlardan 30-dan çox insan 5 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib və ya cərimələnib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında isə deyilir ki, Milli Şuranın qanunsuz aksiyasının təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqa zidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb,” polis idarəsi bildirib.

Avropa İttifaqı
Avropa İttifaqı

Avropa İttifaqı: Toplaşmaq azadlığı fundamental insan hüququdur

Avropa İttifaqı rəsmi Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.

Bu barədə Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndə Federika Mogerininin mətbuat katibi Maya Kosyançiç bildirib.

O qeyd edib ki, oktyabrın 19-da Bakıda dinc mitinq keçirmək cəhdindən sonra onlarla insan saxlanılıb.

Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası
Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edildiyi bildirilib. Bu cür hadisələr araşdırılmalıdır.
Avropa İttifaqının açıqlamasından sitat

"Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edildiyi bildirilib. Bu cür hadisələr araşdırılmalıdır. Biz həmçinin hakimiyyəti həbsdə qalan dinc nümayişçiləri azad etməyə çağırırıq," Kosyançiç bildirib.

"Toplaşmaq azadlığı fundamental insan hüququdur və biz Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bu hüququn tam şəkildə həyata keçirilməsini təmin etməsini gözləyirik," mətbuat katibi qeyd edib.

Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi: Polis kübar və mədəni davranış nümayiş etdirib

Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat katibi Leyla Abdullayeva Trend agentliyinə bildirib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunub.

“Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Buna baxmayaraq, onlar həmin ərazidə faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etmişdilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə müvafiq ali hakimiyyət orqanları binalarının 200 metr radisunda tədbir keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər.

Polis aksiya iştirakçılarına qarşı
Polis aksiya iştirakçılarına qarşı

Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsinfə qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub. Polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayıb.”

Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz.
Leyla Abdullayeva, Xarici İşlər Nazirliynin mətbuat katibi

Mətbuat katibi hesab edir ki, Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən dinc nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı.

“Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər öldürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar vardır. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz,” mətbuat katibi qeyd edib.

AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqub saxlanılarkən
AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqub saxlanılarkən

Milli Şura: Bu şərəfli mübarizədə qələbə Azərbaycan xalqının haqqıdır

Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir ki, 19 oktyabr mitinqində iştirak edən dinc vətəndaşlara qarşı polis orqanları, xüsusilə Çevik Polis Alayı tərəfindən vəzifə səlahiyyətlərini aşmaqla aşırı güc və zorakılıq törədilib

“Onlarla vətəndaş işgəncəyə və qeyri-insanı rəftara məruz qaldı, 500 nəfərə yaxın dinc nümayişçi saxlanılaraq müxtəlif polis idarələrinə aparıldı," sənəddə qeyd edilir.

Milli Şura bildirir ki, aksiya zamanı onun əsas təşkilatçılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi amansızlıqla rəftar edilib.

Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası

“Ölkə müxalifətinin lideri saxlanıldığı zaman heç bir müqavimət göstərməsə də, polislərin tələblərinə əməl edəcəyini desə də, ona qarşı nümayişkarcasına aşağılayıcı və zorakı, sanki cinayət başında zərərsizləşdirilən terrorçu kimi davranılıb. Əli Kərimli saxlanılarkən yerləşdirildiyi avtobusda Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının altı nəfər əməkdaşı tərəfindən xüsusi amansızlıqla döyülüb, alçaldıcı və qeyri insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qoyulub.”

Azərbaycan kleptokratik hakimiyyəti Maqnitski qanununun əhatə dairəsinə düşməyə çoxdan layiqdir və bu istiqamətdə ən qısa zamanda konkret addımların atılmağını gözləyirik.
Milli Şuranın bəyanatından sitat

"Açıq və ədalətli siyasi mübarizədə uduzduğu rəqibindən polis işgəncəsi altında siyasi fəaliyyətdən imtina haqqında öhdəlik tələb edən və ölkəni cəngəllik qanunları ilə idarə edən İlham Əliyev rejiminə qarşı geniş sanksiyalar tətbiq etməyə çağırırıq. Azərbaycan kleptokratik hakimiyyəti Maqnitski qanununun əhatə dairəsinə düşməyə çoxdan layiqdir və bu istiqamətdə ən qısa zamanda konkret addımların atılmağını gözləyirik", deyə bəyanatda vurğulanır.

AXCP fəalı təzyiqə məruzə qalıb
AXCP fəalı təzyiqə məruzə qalıb

Milli Şuranın bəyanatında daha sonra deyilir: “Korrupsioner, talançı, quldur mahiyyətli və cinayətkar hakimiyyətə artıq tarixin dəftərxanasındakı yerini göstərmək üçün əziz xalqımızı dinc, sivil, konstitusion mübarizəyə çağırırıq. Yaşadığımız bütün məhrumiyyətlərə, üzləşdiyimiz bütün zorakılıqlara və hətta işgəncələrə baxmayaraq, Milli Şura olaraq bu mübarizənin önündə olaraq xalqımızı haqq etdiyi azadlığa, demokratik, azad, firavan və ədalətli cəmiyyətə qovuşdurmaq niyyətimizdə israrlıyıq. Bu şərəfli mübarizədə qələbə Azərbaycan xalqının haqqıdır və o öz haqqına qovuşacaq!", sənəddə qeyd edilir.

Dunya Miyatoviç
Dunya Miyatoviç

Dunya Miyatoviç: Həbsdə olan dinc nümayişçiləri azad etməyə çağırıram

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç oktyabrın 19-da Bakıda polis zorakılığını pisləyib.

Onun oktyabrın 21-də yayılan bəyanatında deyilir: "Həftə sonu Bakıda baş verən hadisələr, polisin icazəsiz mitinqləri amansızca dağıtması Azərbaycanda polisin davranışı və insanların dinc etiraz hüququ ilə bağlı ciddi narahatlıq doğurur".

"Oktyabrın 19-da müxalifətin şəhərin mərkəzində mitinq keçirmək cəhdləri polis zorakılığı ilə üzləşib. 100-ə yaxın insanın (hakimiyyətin məlumatına görə, 60 nəfər), o cümlədən müxalifət liderinin saxlanıldığı və həbs edildiyi bildirilir. Onların bəziləri mitinq ərəfəsində saxlanılıb.

İnsanların dinc nümayişə qoşulmasına imkan verməyiblər, belə ki, metronun üç stansiyası bağlanıb, əsas küçələr isə polis tərəfindən mühasirəyə alınıb.

Oktyabrın 20-də isə məişət zorakılığına qarşı dinc etiraz aksiyası dağıdılıb. Etirazdan videogörüntülər dərin narahatlıq doğurur, xüsusən, etirazın məqsədini, daha dəqiq desəm, Avropa Şurasının İstanbul Konvensiyasının ratifikasiyası çağırışını nəzərə alsaq.

AXCP fəalı saxlanılarkən
AXCP fəalı saxlanılarkən

Hüquq-mühafizə orqanları əməkdaşlarının ölçüsüz güc tətbiq etməsini pisləyirəm və hakimiyyəti israrla amansız davranış haqqında məlumatların dərhal səmərəli araşdırılmasını təmin etməyə çağırıram.

Hakimiyyət həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dinc nümayişçilərə qarşı hədsiz güc tətbiqinin qarşısının alınması üzrə səmərəli tədbirlər görməli və sərbəst toplaşmaq azadlığına tam riayət olunmasını təmin etməlidir.

"Qadına şiddət" aksiyası
"Qadına şiddət" aksiyası

Hüquq-mühafizə orqanları əməkdaşlarının ölçüsüz güc tətbiq etməsini pisləyirəm və hakimiyyəti israrla amansız davranış haqqında məlumatların dərhal səmərəli araşdırılmasını təmin etməyə çağırıram.
Dunya Miyatoviç, Avropa Şurasının insan hüquqları üzrə komissarı

Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş açıq nümayişlərin keçirilməsi haqqında məlumatlandırma proseduru Avropa standartlarına uyğun şəkildə tətbiq edilməlidir və bu cür nümayişlərin keçirilməsi üçün icazə tələb olunmur. Hakimiyyət təşkilatçıların üstünlük verdiyi yerdə açıq yığıncaqlara yardım etməli və onları qorumalıdır.

Mən eyni zamanda oktyabrın 19-da mitinqin keçirildiyi yerdə İnternetin kəsilməsindən və etiraz aksiyasını işıqlandıran jurnalistlərin yaralanmasından narahatam. Hakimiyyəti fikri ifadə etmək azadlığı hüququna daha çox diqqət yetirməyə çağırıram.

Başa düşürəm ki, saxlanılanların əksəriyyəti azad edilib, hakimiyyəti hələ də həbsdə olan dinc nümayişçiləri də azad etməyə çağırıram", deyə Miyatoviç qeyd edib.

Əli Əhmədov
Əli Əhmədov

Əli Əhmədov: Qanunsuz mitinqləri təşkil edənlər xarici qüvvələr tərəfindən idarə olunur

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ölkədə keçirilən qanunsuz aksiya ilə bağlı tədbir keçirilib.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki,belə aksiyaların məqsədi ölkədə siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır.

Azərbaycanı istəməyən, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin işidir.
Əli Əhmədov, YAP icra katibi


“Bu isə, təbii ki, Azərbaycanı istəməyən, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin işidir. "Aydın görünür ki, qanunsuz mitinqləri təşkil edənlər xarici qüvvələr tərəfindən idarə olunur. Mitinqlərin keçirilməsi üçün xüsusi yerlər ayrılır. Bu həm insanların hərəkətinə mane olmamaq, həm də elə mitinq iştirakçılarının özlərinin təhlükəsizliyi baxımından vacibdir. Lakin qanunsuz aksiyalara qatılanlar bunu nəzərə almırlar. Bu isə insanlarda narahatlığa səbəb olur, onların rahat hərəkətinə maneçilik törədir," Əhmədov qeyd edib.

XS
SM
MD
LG