Accessibility links

Təbaşir festivalı

Məktəb deyəndə ilk öncə ağlımıza şagird masası, lövhə və təbaşir gəlir. Virciniya ştatının Reston şəhərciyi də sentyabr ayında tədris ilinin açılışını məktəbin əsas atributlarından biri olan təbaşirlə xatırlayır.

Reston şəhərinin mərkəzi meydanında təbaşir festivalı baş tutur. Geniş küçə boyu yerdə rəsm əsərləri yaratmaq üçün meydan yaradılır. Tədbirdə iştirak edənlərə rəngarəng təbaşirlər təqdim olunur. Bu tədbirdə yaşından və peşəsindən asılı olmayaraq hər kəs iştirak edə bilər. Yəni Reston küçəsində həm peşəkar, həm həvəskar rəssamlar, eləcə də kiçik uşaqlar və gənclər öz məharətini göstərə bilir.

Təbaşir festivalı səhər saat 9-dan axşam 5-ə qədər davam edir. Tədbirin sonunda təbaşirlə ən gözəl rəsm çəkən iştirakçılara pul mükafatları təqdim olunur. Ən yüksək mükafat 800 dollar dəyərində olur.

Bu festival Reston şəhərinin ən unikal və əyləncəli tədbirlərindən biridir. Tədbirdə təkçə Reston sakinləri deyil, həmçinin Vircinya ştatının digər bölgələrində yaşayan insanlar da iştirak edir. Beləliklə də, festival Reston şəhərinin turistik inkişafında önəmli rol oynayır. Qeyri-adi istedadını göstərməyə həvəsli olan insanlar bu festival üçün uzaq şəhərlərdən gəlir.

Festival 2013-cü ildən etibarən hər il keçirilir. Bu günə qədər ən uğurlu təbaşir festivalı isə 2017-ci ildə keçirilib. Bu festival Reston şəhərinin mərkəzinə bir gündə 4 mindən çox ziyarətçi gətirib. Bu rəqəm təşkilatçılarının gözlədiyindən qat-qat yüksək olub.


Daha çox yüklə

XS
SM
MD
LG