Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker arasında iyunun 19-da görüşlər olub.
Məmmədyarov iyunun 19-da həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Elmar Məmmədyarovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker arasındakı görüşdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent də iştirak edib.
Mətbuat xidməti bildirir ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyindəki bir çox məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələr üzrə ətraflı fikir mübadiləsi aparıb. ABŞ-Azərbaycan arasında əməkdaşlığın artan templə inkişaf etdiyi vurğulanıb.
Bölgədəki vəziyyət, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək görüşdən gözləntilər barədə tərəflər arasında müzakirələr aparılıb.
Görüşdə, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, tranzit və nəqliyyat layihələri, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, Cənubi Qaz Dəhlizi barədə müzakirələr aparılıb.
Nazir Məmmədyarov ilə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl arasında keçirilən görüşdə Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.
Bölgədə mövcud olan vəziyyət barədə danışan iki dövlət rəsmisi həlli uzadılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və prosesin irəli aparılması üçün atılmalı zəruri addımları müzakirə edib. Hər iki tərəf ATƏT-in Minsk Qrupu çərçivəsində hal-hazırda aparılan danışıqlar prosesinə dəstək ifadə edib.
Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilib və bu xüsusda ölkənin strateji önəmi dövlət katibinin müavini tərəfindən vurğulanıb.
Tərəflər habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrini, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə edib.