Accessibility links

Məhkəmə baş redaktor barədə dörd ay həbs qətimkan tədbiri seçib


Polad Aslanov
Polad Aslanov

İyunun 14-də Bakının Səbail rayon Məhkəməsi “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov barəsində dörd ay həbs qətimkan tədbiri seçib.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova facebook səhifəsində məlumat yayıb.

Onun məlumatına görə, məhkəmə qapalı keçirilib.

Polad Aslanov və biz ailəsi olaraq onun həbsinin ancaq və ancaq həmin yazılarla bağlı olmasını bildiririk.
Gülmirə Aslanova, jurnalistin həyat yoldaşı

“Məhkəmədə Polad Aslanov özünü təqsirli bilməyib, ona qarşı irəli sürülən ittihamın şərr-böhtan olduğunu, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib. Belə ki, Polad Aslanov hazırda onu həbs edən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Məşəd və Kərbəla ziyarətinə gedən hər bir zəvvara görə Sərhəd Keçid Məntəqəsində şirkət rəhbərlərindən rüşvət alması ilə bağlı yazılar yazırdı. Polad Aslanov və biz ailəsi olaraq onun həbsinin ancaq və ancaq həmin yazılarla bağlı olmasını bildiririk”, Gülmirə Aslanova facebook səhifəsində yazıb.

Polad Aslanov iyunun 12-də Biləsuvar Sərhəd Keçid Məntəqəasində saxlanılıb.

İyunun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda deyilir ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

“Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirdiyi müəyyən edilib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

Xebermen.com saytı
Xebermen.com saytı

İstintaq zamanı Polad Aslanovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib," DTX-nin məlumatında qeyd edilir.

Polad Aslanov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Polad Aslanovun dövlətə xəyanətdə günahlandırılmasını onun ailə üzvləri qəbul etmir.

“Polad bəy xarici pasportunu 2017-ci ildə alıb. 2017-ci ilə qədər Polad bəyin xarici pasportu olmayıb. Polad bəy cəmi 2 dəfə İranda və bir dəfə Gürcüstanda olub. Başqa heç bir xarici ölkədə olmayıb. İrana isə ziyarətə gedib və Kərbəla ziyarətində olub. Ziyarət yoldaşları, karvan rəhbərləri bunu təsdiq edə bilərlər. Polad bəy onlarla birlikdə oteldə və Kərbəla çöllərində qalıb.
Qeyd edim ki, Polad bəy 2018-ci il aprelin 19-dan, 2019-cu il aprelin 4-nə kimi hərbi xidmətdə olub. Bu il aprelin 4-də Bakıda olub və aprel ayından 12 iyuna kimi ölkədən kənarda olmayıb. Hərbi xidmətini başa vurduqdan sonra ilk dəfə idi ki, bizimlə birlikdə sərhədi keçib Naxçıvan şəhərində ailəvi dost olduğumuz ailənin toy məclisinə gedirdik...

Polad bəy haqsızlığa, rüşvətə, monopoliyaya göz yummadı. Amma allahdan qorxmayanlar Polad bəyi vətənə xəyanətdə ittiham edirlər. Haqq nazilər, amma üzülməz. Gec-tez haqq yerini tapacaq,” jurnalsitin həyat yoldaşı Gülmirə Aslanova yazır.

Sosial şəbəkələrdə Polad Aslanovun ziyarətə gedən zəvvarlardan DTX əməkdaşları adından rüşvət tələb edilməsi barədə videoları yayılıb. Polad Asalanov bu barədə 2018-ci ildə xebermen.com saytında məqalələr də dərc edib.

XS
SM
MD
LG