Səhiyyə naziri Oqtay Şirəliyevin təkbaşına aksiya keçirən Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin (CM) 147.2-ci (Böhtan) maddəsi ilə cinayət içşi qaldırlması iddiası ilə Nəsimi Rayon məhkəməsinə müraciət edib. İddia üzrə hazırlıq iclası iyunun 7-də saat 10-da hakim Babək Pənahovun sədrliyi ilə olacaq.
Bu barədə Teymur Kərimovun özü Amerikanın Səsinə müsahibəsində bildirib.
Teymur Kərimov jurnalistdir, internet saytlarının birində işləyir. O, mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına keçirdiyi aksiya zamanı dediyi sözlərə görə məhkəməyə verildiyini bildirib.
“Anam onkoloji xəstədir və xəstəxanada ona lazım olan dərmanlar və reaktivlər vaxtlı-vaxtında verilmir, rüşvət alırlar. Ona görə aksiya keçirmişəm. Rüşvət vermişəm ki, demişəm. Anama görə məcbur olub rüşvət vermişəm. Axırda pulum qurtardı, gördüm dərmanları ala bilmirəm. Spirtdi, bintdi, reaktivlərdir, bunların heç hansı verilmir. Axırda 500 manat lazım idi ki, gedib anam üçüm dərman alım. Bunun üçün mən gedib Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarıb aksiya etdim. Mən doğru olanı demişəm. Məsələn Qan İnstitutunda həkimlər özləri deyir, mən çəkmişəm, o video var, 35 dəqiqə video çəkmişəm. Həmin videonu məhkəməyə təqdim edəcəm.”
O dediyi sözlərin sübutunu məhkəməyə təqdim edəcəyini bildirib.
“Anama lazım olan dərmanlar verilmir, dərmanların siyahısı var və səhiyyə naziri sübut etsin ki, həmin dərmanlar anama pulsuz verilib.”
Kərimov aksiya etdikdən sonra prokurorluqda da izahat verib.
“Mən prokurorluqda izahatımda da yazmışam ki, 25 manat vermişəm, 3 manat iynə vurana vermişəm. Prokurorluq da araşdırma aparıb. Prokuror xəstəxanaya gəlmişdi. Orada da həkimləri dindiriblər. Demişəm filan vaxt dərman olub? Deyiblər yox. Şlanqı özümüz almışıq, binti, spirti özümüz almışıq? Deyibər hə. Bir iki bahalı dərmandan başqa, hamısını özümüz almışıq. Aldığım dərmanların qutularını da saxlayıram. 3 ayda 4 min manat pul xərcləmişəm. Dörd danamız var idi, dədəm satdı ora qoyduq. Gördüm pul qurtarıb, aksiya etdim”, o qeyd edib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən münasibət alamq mümkün olmayıb. Gün ərzində nazirliyin mətbuat xidmətinin telefonlarına cavab verən olmayıb.
Mayın 18-də Teymur Kərimov Səhiyyə Nazirliyin qarşısında aksiya keçirib. O, xəstə anasının müalicəsinə pul tapmadığını bildirərək, üst geyimini soyunaraq satacağını bildirib.
Onun iddiasına görə, anasının müalicəsindən ötrü dövlət xəstəxanasında pul istənilib.
Bu aksiyadan sonra Səhiyyə Nazirliyi də Teymir Kərimovun dediklərinə münasibət bildirib.
”Jurnalist Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul olunub. Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb”.
Səhiyyə Nazirliyi vurğulayıb ki, jurnalistin anası Fiqurə Kərimova 2019-cü ilin fevralından Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb.
“Diaqnoz qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Hal-hazırda xəstə ambulator müalicədədir. Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır”.
Nazirliyin yaydığı məlumatda Kərimovun anasına edilən müalicələrin pullu olması barədə iddia əsassız adlandırılıb.
“Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətəuyğun deyil. Xəstənin müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innovasion dərman preparatlarıdır”.
Mətbuat xidməti qeyd edib ki, institut bu preparatlarla Dövlət proqramı çərçivəsində tam təmin olunur.