Accessibility links

Hüquq müdafiəçisi Daxili İşlər Nazirliyinə dəvət edilib


Mayın 6-da hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə dəvət edilib. Bu barədə Gülalıyevin özü Amerikanın Səsinə bildirib.

“Mənimlə Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirov və idarənin digər əməkdaşları görüşdü. Görüşümüş normal şəraitdə keçdi. Mənim Facebook səhifəmdə repressiya və işgəncələr barədə yazdığım statuslarla bağlı narahatlıqlarını bildirdilər. Həmçinin “Gəncə işi” ilə bağlı fəaliyyətim diqqət mərkəzində oldu. Mən “Gəncə işi” ilə bağlı valideynlərin müraciətinin və bu iş üzrə işgəncə faktlarının araşdırılmasını onların diqqətinə çatdırdım,” o qeyd edib.

Son zamanlar hüquq müdafiəçisi “Gəncə işi” ilə məhkəməsində səsləndirilən işgəncə faktlarının araşdırlması ilə bağlı çoxsaylı statuslar yazıb. Hüquq müdafiəçisi faktlara hüquqi qiymət verilməsini tələb edir.

Bu il martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb. Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilib ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluq bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar güllə yarası alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları baş verənləri terror hesab edir və iddia edirlər ki, Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

Yunis Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG