Accessibility links

Hüquq müdafiəçisi "işgəncə laboratoriyası" olduğunu iddia edir


“Azərbaycanda işgəncə laboratoriyaları var" ifadəsinə görə məni Daxili İşlər Nazirliyinə çağıranda məndən fakt və həmin laboratoriyaların yerini soruşdular. O zaman mən öz fikrimi bildirib sualları cavablandırdım. İndi böyük məmnuniyyətlə onlara Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019- cu il 1(098)-7/2019 saylı hökmünü təqdim etməyə hazıram. Bütün səhifələri möhürlənmiş 576 səhifəlik hökmdə N saylı hərbi hissənin Tərtərdə yerləşən köhnə Qərargah binasının 2-ci mərtəbəsində işgəncə cihazları ilə təmin edilmiş xüsusi otaqlarda azərbaycanlı əsgər və zabitlərə dövlətin adından və gücündən istifadə edərək bir qrup yüksək vəzifəli şəxsin necə xüsusi amansızlıq və qəddarlıqla işgəncə verərək onları öldürməsi açıq və təfsilatlı şəkildə qeyd olunur. Sən demə, işgəncə laboratoriyaları həm də Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə var imiş.”

Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin koordinatoru Oqtay Gülalıyev Facebook səhifəsindəki müraciətində bildirir.

Hüquq müdafiəçisi Facebook səhifəsində yazır ki, “Tərtər işi” ilə bağlı (bir qrup hərbçinin 2017- ci ilin may ayında müəmmalı şəkildə öldürülməsi və həbs olunması- red.) sənədlərlə tanış olur.

“Yalnız 2 epizod üzrə sənədlərin ümumi sayı 1000 səhifəyə yaxındır və bunların hamısı rəsmi sənədlərdir.

“Oxuduqca dəhşətə gəlirəm və sona qədər oxumaq olmur. Məhkəmənin hökmündə qeyd olunur ki, işgəncə verən vəzifəli şəxsin birinin rütbəsi ədliyyə mayorudur, N saylı hərbi hissənin rəhbərliyində təmsil olunur. Yüzlərlə əsgər və zabitlərə bir qrup vəzifəli şəxs tərəfindən gözləri və qolları bağlı şəkildə, paltarları soyundurulmuş halda verilmiş ağır işgəncələr nəticəsində azından 8 nəfər işgəncəyə dözməyərək vəfat edir. Sonradan onların 4-ü bəraət alır və işgəncə verən şəxslər həbs olunur. Sonra bilirsinizmi nə baş verir?” o sual edir.

Siz təsəvvür edirsinizmi xüsusi amansızlıq və qəddarlıqla əsgər və zabitlərin öldürülməsində iştirak edən şəxslərə 6 il iş verirlər və onlara qarşı adam öldürmə maddəsi ittiham aktından çıxarılır.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Gülalıyev sualına özü cavab verir: “İnsanlara "xüsusi amansızlıq və qəddarlıqla işgəncə verən" (fikirlər məhkəmə sənədindən götürülüb- red) vəzifəli şəxslər 6 il cəza alır, bir nəfər 10 il. Və onlara qarşı irəli sürülən ittihamdan adam öldürmə maddəsi çıxarılır. Siz təsəvvür edirsinizmi xüsusi amansızlıq və qəddarlıqla əsgər və zabitlərin öldürülməsində iştirak edən şəxslərə 6 il iş verirlər və onlara qarşı adam öldürmə maddəsi ittiham aktından çıxarılır. Halbuki, məhkəmə sənədində açıq qeyd olunur ki, "hərbi qulluqçu Elçin Quliyev çox saylı zərbələr almış, baş beyin, ağciyər və böyrəkətrafı toxumalara qan sızması nəticəsində 6 may 2017- ci il tarixdə işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə Qərargah binasında ölmüşdür". Digər dəhşət ondan ibarətdir ki, məhkəmə sənədində qeyd olunur ki, ağır vəziyyətdə olan Elçin və digər hərbi qulluqçulara tibbi yardım göstərilməsinə imkan verilməyib. Məhkəmə sənədində onlarla belə faktlar var,” hüquq müdafiəçisi yazır.

Gülalıyev təəssüflə bildirir ki, azından 8 hərbi qulluqçunu xüsusi qəddarlıq və amansızlqla qətlə yetirən şəxslərə 6 il həbs cəzası verirlər, amma siyasi məhbus ailələrinə maliyyə dəstəyi göstərdiyi üçün Saleh Rüstəmova 7 il 3 ay, "əsgər ölümlərinə son" dediyi üçün İlkin Rüstəmzadəyə 8 il cəza verirlər.

“Budurmu ədalət? Ədalətsizlik, ayri-seçkilik və məkrli niyyət göz qabağındadır.”

O, sual edir ki, niyə Serj Sarkisiyanın (Ermənistanın keçmiş prezidenti-red) otağını dinlədiklərini, ordunun və sərhəd bölgəsinin müasir, xüsusi texnika ilə təchiz olunduğunu iddia edənlər məhkəməyə əsgərləri xəyanətdə ittiham etdiklərinə dair foto, video və digər sübutlar təqdim edə bilmir?

“Necə olur ki, hərbi qulluqçuları və zabitləri "xəyanət edən" korpusun, briqadanın, hərbi hissəsənin komandiri öz vəzifəsində qalır, amma əsgərlər və aşağı rütbəli vəzifəlilər ağır cəzalandırılır? Müdafiə Nazirliyinin rəhbərliyi Zakir Həsənovun (müdafiə naziri-red), Nəcməddin Sadıqovun (baş qərargah rəisi-red), korpus komandiri Hikmət Həsənovun, briqada komandiri Teymur Məmmədovun orduda yaratdığı nizam-intizam, ədalət budurmu?” hüquq müdafiəçisi rəsmi qurumlardan sual edir.

Gülalıyev məhkəmə hökmlərinin bəzi səhifələrinin fotolarını da Facebook səhifəsində yayıb.

"Tərtə işi" ilə bağlı məhkəmə hökmləri
"Tərtə işi" ilə bağlı məhkəmə hökmləri

Hüquq müdafiəçisinin müraciətində deyilənlərlə bağlı Müdafiə Nazirliyindən və hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Eyni zamanda son zamanlar istintaq zamanı müəmmalı şəraitdə ölən və həbs edilən bəzi hərbçilərin qohumları rəsmi qurumlar qarşısında etiraz aksiyaları keçirib. Onlar övladlarının işgəncə altındaifadə alındığını və öldüyünü bildirib.

Bununla yanaşı, Azərbaycan rəsmiləri bir qayda ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Rəsmi Bakı qanunsuz həbslər, işgəncələr, istintaq zamanı insanların öldürülməsi ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

"Tərtər işi" üzrə həbs edilənlərin ailə üzvləri
"Tərtər işi" üzrə həbs edilənlərin ailə üzvləri

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər Nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub.

Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb.

Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər.

2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Prokurorluq, Müdafiə, Daxili İşlər Nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.

“Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ermənistan tərəfinin Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdığı təxribat və terror fəaliyyətinin qarşısı alınıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”, bəyanatda bildirilir.

XS
SM
MD
LG