Accessibility links

Türkmənsəhrada sel böyük dağıntılarla müşayiət olunur


İranda türkmənlərin yaşadığı Türkmənsəhra bölgəsində baş verən sel fəlakəti bir neçə nəfərin ölümü, on minlərlə insanın evsiz qalması və əkin sahələrinin məhvi ilə nəticələnib. Bu olay təqribən bir həftədir ölkədə türklərin yaşadığı digər bölgələrin də gündəmindədir. İran Azərbaycanının müxtəlif şəhərləri və kəndlərində türkmənlərə yardım kampaniyaları təşkil edilir.

Danyal Babayani Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:11:58 0:00

Türkmən fəal Danyal Babayani Amerikanın Səsi ilə söhbətdə daşqınların törətdiyi fəsadlar haqqında danışıb.

İlk yardıma gedənlər türklər oldu. Sosial şəbəkələrdə təşkil etdiyimiz kampaniyalarda da sağ olsunlar türk bacı-qardaşlarımız yardımımıza gəldilər

Danyal Babayani daşqınların davam etdiyini və Ağqala şəhərinə yaxın Çənsulu, Seyidlər, Mirzəli Yılğı, Sulaq Yılğı və Qarancıq Pur-Aman kimi böyük kəndlərin hələ suların altında qaldığını bildirir.

Türkmən fəalın sözlərinə görə, sel suları Ağqala, Günbəd Kavus (Kümmet Gowuz) və Gümüştəpə kimi şəhərlərə ciddi ziyan vurub. O, uşaqlar daxil olmaqla, insanların öldüyünü və bir çox evin yerlə-yeksan olduğunu ifadə edir.

İranın xəbər agentlikləri bəzi bölgələrdə həlak olanların olduğunu təsdiq edib.

Danyal Babayani
Danyal Babayani

Selin basdığı bir çox bölgəni əhali ancaq qayıq vasitəsilə tərk edə bilir. İranın “Qızıl Aypara Cəmiyyəti” Gümüştəpədə bir qayığın devrilməsi səbəbilə 20-dən artıq bölgə sakininin xəsarət aldığını bildirib. Cəmiyyətin məlumatına görə, olayda xəsarət alan 18 vətəndaş xəstəxanaya aparılıb, 2 nəfər itkin düşüb, bir nəfər isə həlak olub.

Türkmən fəal müsahibədə həmçinin sel fəlakətindən sonra qəzetçilər və fəalların əlaqədar dövlət qurumlarının tənqidlərinə işarə edir.

İran mediası və sosial şəbəkələrdə həm daşqınların baş verməsindən öncə dövlət qurumları tərəfindən gərəkli tədbirlərin alınmadığı, həm də sel fəlakətindən sonra xəsarət alanlara nizamlı şəkildə yardım çatdırılmadığı tənqid edilir.

Danyal Babayani deyir ki, müxtəlif bölgələr, o cümlədən İran Azərbaycanında əhalininin Türkmənsəhraya yardım kampaniyalarına “Sepah” kimi qurumlar tərəfindən maneələr törədilir.

“Toplanan yardımların 30 faizi belə hələlik bölgəyə çatmayıb. Ancaq yardım edənlər öz əlləri ilə Türkmənsəhraya çatdırdığı yardımlar ilə xalqa dəstək ola biliblər” - deyə, o vurğulayır.

Xüsusilə Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin bir çox bölgəsində türkmənlərə dəstək kampaniyaları təşkil edilir. Bir qrup türk fəal isə yaxından yardım etmək üçün Türkmənsəhraya gedib.

Danyal Babayani deyir ki, ilk yardıma gedənlər türklər oldu.

"Sosial şəbəkələrdə təşkil etdiyimiz kampaniyalarda da - sağ olsunlar - türk bacı-qardaşlarımız yardımımıza gəldilər."

Sosial şəbəkələrdə təşkil etdiyimiz kampaniyalarda da türk bacı-qardaşlarımız yardımımıza gəldilər.

Hüquq müdafiəçiləri sünni-hənəfi məzhəbinə mənsub olan türkmənlərin İranda həm dini, həm də etnik ayrı-seçkiliyə məruz qaldığını bildirirlər.

Türkmənlər İranın Gülüstan, Quzey Xorasan və Rəzəvi Xorasan vilayətlərinin bir çox bölgələrində yaşayırlar. Türkmənistanın cənubunda yerləşən bu bölgələrə Türkmənsəhra deyilir. Günbəd Kavus (Türkməncə: Kümmet Gowuz) İranda əhalisinin əksəriyyəti türkmən olan ən böyük şəhərdir.

XS
SM
MD
LG