İran Azərbaycanının müxtəlif bölgələri və Tehranda 21 fevral Dünya Ana Dili Günü ilə əlaqədar türk fəalların təşkil etdiyi kitab paylama kampaniyaları, həmçinin 5 siyasi məhbusun aclıq aksiyası davam edir.
Təbriz, Ərdəbil, Kərəc və Tehran şəhərlərində həbsdə saxlanılan bir neçə türk fəal aclıq aksiyası ilə İranda türk dilində təhsil qadağasına etiraz bildirirlər.
Lətif Həsəni Kərəc (Rəcai-şəhr) həbsxanasında, Siyamək Mirzayi və İbrahim Nuri Tehranın Evin həbsxanasında, Əmir Səttari Təbriz həbsxanası və Abbas Lisani Ərdəbildə fevralın 21-dən 5 günlük aclıq aksiyasına başladıqlarını elan ediblər.
Həmçinin bir neçə gündür mədəni fəallar müxtəlif məkanlar, xüsusilə məktəblərin önündə uşaqlara türkcə kitablar hədiyyə edirlər.
Bundan öncə də məktəblərin açılışı, Dünya Ana Dili Günü və Azərbaycan Milli Hökumətinin ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərlərində oxşar kampaniyalar təşkil olunub.