Accessibility links

Milli Şura: “Hakimiyyət məsuliyyətini dərk etməlidir...”


“Milli Şura bir daha bəyan edir ki, siyasi mübarizənin dinc məcrada aparılması mövqeyinə sadiqdir və etiraz aksiyalarının hər hansı qarşıdurmaya yol verilmədən təşkilində maraqlıdır.”

Bu barədə Milli Şuranın 23 fevral mitinqinə razılıq verilməməsi ilə bağlı bəyanatında deyilir.

Sənəddə bildirlir ki, Milli Şura bundan sonra da əlindən gələni edəcək ki, xalqın kütləvi etiraz mitinqləri və ümumən hakimiyyətə qarşı mübarizə dinc siyasi müstəvidən kənara çıxmasın.

Milli Şura mitinq keçirib -19.01.2019-cu il
Milli Şura mitinq keçirib -19.01.2019-cu il

“Lakin bunun üçün hakimiyyət də məsuliyyətini dərk edərək, uyğun addımlar atmalıdır.”

Milli Şura öz tərəfdarlarına və ümumən Azərbaycan xalqına çağırış edir ki, hakimiyyətlə siyasi mübarizənin, sosial-iqtisadi etirazların, eləcə də kütləvi mitinqlərin təşkilində ən xəfif zorakı meyldən də çəkinsinlər, istisnasız olaraq dinc, qanuni vasitələrdən istifadə etsinlər.

“Xalqımızın oyanış dövründə hər hansı təxribata əsas vermək olmaz,” sənəddə qeyd edilir.

Milli Şura xalqı əmin edir ki, hakimiyyətin bu qanunsuzluğu ilə barışmaq fikrində deyil, yaranmış situasiyaya uyğun sonrakı addımları, o cümlədən növbəti mitinqlərlə bağlı detalları müzakirə edir və yaxın günlərdə öz qərarlarını ictimaiyyətə açıqlayacaq.

Xalqımızın oyanış dövründə hər hansı təxribata əsas vermək olmaz.
Milli Şuranın bəynatından

Milli Şura hesab edir ki, hakimiyyətin dinc mitinqlərə razılıq verməməklə vəziyyətdən çıxmaq istəyi kökündən yanlışdır.

“Dinc mitinq üçün müxalifətin müraciətlərinə davamlı "yox" deyilməsi hər şeydən əvvəl ölkə başçısı İlham Əliyevin yerli və xarici auditoriyalarda təkrarlamağı çox sevdiyi "Azərbaycanda sərbəst toplaşmaq azadlığı var, müxalifətin mitinqlərinə şərait yaradılır..." kimi sözlərinin inkarı, onun yalançı çıxarılmasıdır. Bu mövqe həmçinin ölkə daxilində ictimai-siyasi gərginliyi artırır, əhalinin dinc etirazlara imkan verilmədiyini görən müxtəlif təbəqələrini daha radikal hərəkətlərə, razılaşdırılmamış aksiyalara sövq edir və Azərbaycan hakimiyyətinə əlavə beynəlxalq təzyiqlər üçün əsas verir.”

Milli Şura hakimiyyəti məsuliyyətli davranmağa və ölkədə sərbəst toplaşmaq azadlığının tamamilə ləğvindən çəkinməyə çağırır.

Milli Şura tələb edir ki, vətəndaşların Konstitusiya ilə qorunan toplaşmaq hüququna hörmət olunsun və bundan sonra dinc mitinqlər üçün ediləcək müraciətlərə qanunla nəzərdə tutulduğu kimi müsbət cavab verilsin.

“Əks halda yarana biləcək istənilən xoşagəlməz hadisəyə görə hakimiyyət məsuliyyət daşıyacaq,” bəyanatda qeyd edilir.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 23 fevralda keçirmək istədiyi mitinqə icazə verməyib.

Milli Şura mitinqdə siyasi məhbusların azad edilməsini, xalqdan oğurlanmış pulların xalqa qaytarılmasını, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsini, yəni soyğunçu bank borclarının ləğv edilməsini, uşaq pullarının verilməsini və başqa demokratik tələblər iərli sürəcəyini bildirmişdi.

Milli Şura siyasi məhbusların azad edilməsini, xalqdan oğurlanmış pulların xalqa qaytarılmasını, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsini, yəni soyğunçu bank borclarının ləğv edilməsin, uşaq pullarının verilməsini tələb edəcək.
Milli Şuranın mitinqlə bağlı Bakı Mediyasına məktubundan

Meriya mitinqə razılıq verilməməsini Bakı Şəhər Baş Polis İdarəsinin yanvarın 21-dəki müraciəti ilə əsaslandırıb. Həmin müraciətdə deyilir ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-na təyin etdiyi mitinqə də eyni müraciəti əsas göstərərək icazə verməmişdi.

Milli Şura sonuncu mitinqini yanvarın 19-da keçirib. Mitinqin əsas tələbi Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq idi. Bu mitinq müxalifətin son illərdə keçirdiyi ən kütləvi aksiya olub.

AXCP-nin məlumatına görə, mitinq ərəfəsində və mitinqdən sonra 50-dən çox müxalifət fəalı saxılanılıb. Yalnız AXCP-nin 40-dan çox fəalı polisin qanuni tələbinə tabe olmamaq və digər ittihamlarla inzibati həbsə məhkum edilib.

XS
SM
MD
LG