Accessibility links

Azərbaycan üzrə məruzəçi siyasi məhbusların ilkin siyahısını təqdim edib


Torhildur Sunna Evarsdottir
Torhildur Sunna Evarsdottir

Avropa Şurasının Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottir yanvarın 22-də Azərbaycanda siyasi məhbuslara dair ilkin memorandumu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim edib.

Bu, çoxsəhifəlik sənəddə vəziyyət qiymətləndirilib, siyasi məhbuslar problemi təhlil edilib və siyasi məhbus sayılan 130 nəfərin adı dərc olunub.

Giriş hissəsində məruzəçi xatırladır ki, bu problem Azərbaycanın 2001-ci ildə Avropa Şurasına daxil olmasından bəri narahatlıq yaratmaqdadır.

AŞPA Azərbaycanda siyasi məhbuslar haqqında 1272 (2002) saylı qətnaməsində bildirib ki, heç kim siyasi motivlərlə həbs edilə bilməz.

1359 (2004) saylı qətnamədə AŞPA Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə çağırıb.

2005-ci ildə Assambleya Azərbaycanda siyasi məhbuslara dair qətnamə (1457) və tövsiyə (1711) qəbul edib.

Azərbaycanda demokratik institutların fəaliyyəti haqda 1750 saylı (2010) qətnamədə bu problemə toxunulub.

2017-ci ildə Assambleya 2184 saylı qətnamədə Azərbaycanda demokratik institutların fəaliyyəti probleminə baxıb, QHT liderləri, hüquq müdafiəçiləri, siyasi fəallar, jurnalistlər, blogerlər və vəkillərin məhkəmə təqibləri, saxlanması ilə bağlı narahatlığını bildirib.

AŞPA 2185 saylı qətnaməsində Azərbaycanı siyasi motivlərlə həbs olunmuş hüquq müdafiəçilərini, jurnalistləri, mülki və siyasi fəalları azad etməyə çağırıb.

2013-cü ildə siyasi məhbuslar üzrə məruzəçi Ştrasser Azərbaycanda siyasi məhbuslara dair hesabat hazırlayıb, lakin bununla bağlı qətnamənin qəbulu baş tutmayıb.

Christoph Strässer
Christoph Strässer

Sonradan Müstəqil İstintaq Orqanının hesabatında Ştrasserin məruzəsinin qarşısının alınması üçün korrupsiya mexanizmindən necə istifadə olunması təsvir edilib.

“Buna baxmayaraq, İnsan Hüquqları və Hüquq Komitəsi və şəxsən mən məlumat mənbəyi kimi bu məruzəni əsas götürürəm” - Varsdottir bildirib.

Məruzəçi həmçinin xatırladıb ki, Avropa Şurası baş katibinin tapşırığı ilə ekspertlər hələ 2001-ci ildə “siyas məhbus” anlayışını işləyib hazırlayıblar.

Ermənistan və Azərbaycan Avropa Şurasına daxil olarkən müstəqil ekspertlərin bu terminini dəstəkləyiblər. O vaxtdan “siyasi məhbus” termini sistematik olaraq Assambleya tərəfindən və onun hüdudlarından kənarda tətbiq edilir.

Sonra memorandumda “siyasi məhbus” anlayışı qısa şəkildə təsvir edilir, bu kateqoriyaya aid hüquq müdafiəçilərinin siyahısından danışılır.

O qeyd edib ki, hər hal ilə bağlı Azərbaycan hakimiyyətindən şərh aldıqdan sonra öz siyahısını hazırlayacaq.

Məruzəçi Mehman Hüseynov, Əfqan Muxtarlı, digər jurnalist və blogerlərin işinə toxunur.

Siyasi məhbusların böyük qrupuna “Müsəlman Birliyi” hərəkatından olan Taleh Bağırzadə başda olmaqla dini fəllar daxildir.

Hesabatda 2015-ci il Nardaran əməliyyatı təsvir edilir. Əməliyyat zamanı onlarla dindar həbs olunub, bir neçə nəfər həlak olub. Həbs edilənlər amansız işgəncələrə məruz qalıblar. Həmçinin nardaranlıların saxlandığı Sabunçu polisinin qarşısına toplaşan onlarla adam saxlanılıb.

Sonradan onların çoxu uzun müddətə mühakimə olunub, halbuki, müstəqil mənbələr bildirir ki, onların günahı sübuta yetirilməyib.

Dindarlar arasında sosial şəbəkələrin bir neçə fəalı da var ki, onlar ekstremizm və nifrətin yayılması ittihamı ilə mühakimə olunublar.

Ehtimal olunan siyasi məhbusların böyük qrupu müxalifət partiyalarının fəallarıdır. Onlar kütləvi etirazların təşkilinə və iştiraka, tənqidi fikirlərin dərcinə görə həbs olunublar. Lakin xuliqanlıq, narkotik maddə saxlamaq və s. ittihamlarla mühakimə ediliblər.

Gənc fəallar Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Saleh Rüstəmov və digərlərini göstərmək olar.

Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

Sonra sənəddə İsmayıllı, Siyəzən, Mingəçevir, Quba hadisələrilə bağlı həbs olunanlara toxunulur.

Keçmiş dövlət məmurlarının sırasında hakimiyyəti tənqid etdiyinə görə həbs olunan Zərdab rayonunun müstəntiqi Rüfət Səfərov, həmçinin keçmiş səhiyyə naziri Əli İnsanov da var.

Yekunda məruzəçi qeyd edir ki, Azərbaycanda siyasi məhbus kimi tanınmalı və taleyinə AŞPA-da baxılmalı olan insanların sayı çoxdur.

“İstərdim öz mövqeyimi bildirim ki, Azərbaycan hakimiyyətinə bu hadisələrlə bağlı öz fikirlərini təqdim etmək üçün imkan yaradılmaıdır.

Bu memorandumda irəli sürülən məsələlərlə bağlı əlavə informasiya almaq üçün komitənin iclasında ekspertlərlə dinləmələr keçirmək və Azərbaycana tanışlıq səfəri etmək istərdim”, məruzəçi qeyd edir.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını bildirir. Beynəlxalq tənqidləri qərəzli sayır.

XS
SM
MD
LG