Accessibility links

“Gələn il Rusiya üçün çox çətin olacaq”


Reuters agentliyinin iqtisadçılar və maliyyə təhlilçiləri arasında keçirdiyi sorğunun nəticələrinə görə, Rusiya 2019-cu ildə iqtisadi yavaşıma və yüksək inflyasiya ilə üzləşəcək. Ekspertlərin fikrincə bu, ilk növbədə Qərbdən mümkün yeni sanksiyalar riski ilə bağlıdır.

Reuters agentliyi dekabrın 27-də açıqladığı hesabatda bildirir ki, Rusiyada gələn il Ümumi Daxili Məhsulun 1, 4 faiz artacağı gözlənilir. 2018-ci ildə bu rəqəm 1. 7 idi.

Renaissance Capital bankının baş iqtisadçısı Oleg Kuzmin bildirir ki, gələn il Rusiya üçün “çox çətin olacaq”.

Rusiyanın iqtisadi artımı - düşən neft qiymətləri, zəif və qeyri-sabit milli valyuta rubla, habelə 2014-cü ildə Krımın işğalına görə Moskvanın üzərinə qoyulmuş Qərb sanksiyalarına görə son illərdə xeyli yavaşıyıb.

Rusiya sahil keşikçilərinin ötən ay Ukrayna gəmilərini həbs etməsi ilə bağlı Moskvanın üzərinə yeni iqtisadi sanksiyaların qoyulmasına çağırışlar edilir.

Avropa İttifaqı yeni sanksiyalar elan etməsə də, Rusiyaya qarşı artıq mövcud sanksiyaların müddətini daha altı ay uzadıb. Bu sanksiyalar Rusiyanın müdafiə, energetika və bank sektorlarını hədəfləyir.

Birləşmiş Ştatlar da Moskvanı “ziyanlı fəaliyyətlərdə” ittiham edir və ekspertlər Vaşinqtonun Rusiya üzərinə yeni sanksiyalar qoyacağını istisna etmirlər.

Reuters agentliyinin aylıq təhlili göstərir ki, 2019-cu ildə Rusiyada inflyasiya hədəfləndiyi kimi 4 faiz yox, 5 faiz olacaq.

Ekspertlərin fikrincə, 2019-cu ildə də rubl təzyiq altında olacaq, belə ki, Mərkəzi Bank dövlət ehtiyat fondları üçün xarici valyuta almağa məcbur olacaq.

Moskva habelə gələn il ƏDV-ni 18 faizdən 20 faizə qaldırmağı planlaşdırır.

Bu sorğunun nəticələri açıqlanandan bir həftə əvvəl prezident Vladimir Putin ənənəvi illik mətbuat konfransında Rusiya iqtisadiyyatının müsbət perspektivlərindən söz açmışdı.

XS
SM
MD
LG