Accessibility links

Azərbaycanda 142 siyasi məhbus var


Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahı açıqlayıb. Yenilənmiş siyahıya 142 nəfərin adı daxil edilib.

Qrupun açıqlamasında bildirilir ki, siyahı mart ayının 1-nə qədər daxil olan müraciətlər əsasında yenilənib.

Vurğulanır ki, daha 2 məhbus monitorinq altındadır.

İşçi Qrup bildirir ki, siyahı üzərində iş zamanı ölkədə söz və toplaşma azadlığı kimi fundamental haqlarından istifadə edənlərin həbslərinin artması, dinc inanclı kəsimə təzyiqlərin davam etməsi müşahidə olunub.

Qrupun siyasi məhbus kimi tanıdığı şəxslərdən 11-i jurnalist, bloqqer, 2-si şair, yazar, 1-i hüquq müdafiəçisi, 12 nəfər isə siyasi və ictimai fəaldır.

İşçi qrup həmçinin, 83 inanclı fəalı siyasi məhbus hesab edir.

Siyahıya ömürlük həbs cəzasına məhkum olunmuş 3 nəfərin, sosial məzmunlu etirazlarla bağlı tutulan 15 nəfərin, habelə bəzi keçmiş dövlət məmurlarının da adları daxil edilib.

İşçi Qrup bildirir ki, siyahı hazırlanarkən Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslarla bağlı müəyyən etdiyi meyarlara istinad olunub. Yəni iddialara görə, siyahıda yer alan şəxslərlə bağlı cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunub. Üstəlik, cinayət təqibində onların hüquqlarının pozulduğu hesab edilir.

Siyahını ölkənin hüquq müdafiəçilərinin, media və vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin imzaladığı bildirilir.

Bu, əslində Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı hüquq-müdafiə təşkilatlarının vahid siyahısı deyil. Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki yerli qrup var. Hüquq müdafiəçiləri, keçmiş məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Siyahılar arasında say baxımından fərq var.

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) adlanan başqa qrup da 1 ay əvvəl yenilənmiş siyahı açıqlamışdı. Həmin qrup isə iddia edir ki, Azərbaycanda 161 siyasi məhbus var.

Azərbaycan hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir.

Hakimiyyətdəkilərin fikrinə görə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər.

Bir neçə siyasi məhbus sayılan şəxsin tutularkən və məhkəmə zamanı hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG