1945-ci ilin dekabrında güneydə qurulmuş qısaömürlü Azərbaycan Milli Hökumətinin ildönümü münasibətilə Urmiyənin uşaq bağçalarında türkcə kitabların paylaşıldığına dair xəbərlər yayılıb.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və sosial şəbəkələrdə yayımlanan şəkillər və məlumata əsasən, bir qrup mədəni fəal və tələbə yüzlərlə uşağa türkcə kitablar paylayaraq “1945-46-ci illərdə türkcəni Azərbaycanda rəsmiləşdirən Milli Hökümətin” ildönümünü qeyd ediblər.
Günaz TV-nin məlumatına görə, İran İslam Respublikası bu il də təhlükəsizlik basqıları tətbiq edərək Milli Hökümətin ildönümü münasibəti ilə tədbirlərin keçirilməsinə mane olub.
İran dövləti ölkə daxilində Milli Hökümətin təşkilinin ildönümü münasibəti ilə mərasimlər keçirilməsinə icazə verməməklə yanaşı, onun liderlərinin məzarı üstünə toplaşanları da nəzarət altına alır.
2013-cü ilin dekabr ayında İranın təhlükəsizlik qüvvələri Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində Milli Hökümətin qurulmasında iştirak etmiş Xanəli Mütiyinin məzarı yanında toplanan 5 türk fəalı nəzarət altına alıb. Fəallar daha sonra Mahabad İnqilab məhkəməsi tərəfindən 91 gündən 9 aya qədər həbsə məhkum edilib.