Accessibility links

‘Casus qalmaqalı’yla bağlı yeni xəbərlər


Cəbhə xətti
Cəbhə xətti

Rəsmi qurumlar Ermənistana casusluqda suçlanan bir qrup hərbçi və mülki vətəndaşın saxlanılması haqda məlumat yayandan bir qədər sonra mətbuatda və sosial şəbəkələrdə bu haqda fərqli informasiyalar yayılmağa başladı.

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov

Məsələn, mayın 19-da vəkil Namizəd Səfərov Facebook səhifəsində yazır ki, Qəbələ rayon sakini, Milli Ordunun 6 ay öncə xidmətdən tərxis olunmuş zabiti bir neçə gün əvvəl evindən aparılıb və aradan 4 gün keçdikdən sonra meyiti polis işçıləri tərəfindən kəndə gətirilərək, təhqiramiz formada torpağa basdırılıb: “Qohumları və ailə üzvlərindən heç kimin dəfndə iştirakına imkan verilməyib. Böyüyü 4-cü sinifdə oxuyan uşaqları məktəbdən qovulub. Həbsdə olarkən nə vəkili olub, nə də ailəsinə bir məlumat verən. Bunu kim və niyə öldürüb sualını verə biləcək ailəsini susdura bilən ən yaxşı cavab, "bu casusdur!" ola bilərdi ki, o da, edildi”.

“VƏTƏN XAİNİDİRSƏ, AZ EDİBLƏR”

AzadlıqRadiosu-nun əməkdaşı vəkillə söhbətdə öyrənib ki, həmin şəxs Aydınqışlaq kənd sakinidir və yaxınları mediaya danışmaq istəmirlər.

Kəndin bələdiyyə sədri İmran Cabbarov AzadlıqRadiosu-na açıqlamasında həmin kənd sakininin öldüyünü və onun vətənə xəyanətdə suçlanması haqda məlumat dolaşdığını bildirib: “Bəli, belə bir hadisə olub. Bu haqda daha dəqiq hüquq-mühafizə orqanları danışa bilər. Amma onun günahı varsa, hələ az ediblər. Vətən xainidirsə, ona az ediblər”.

“Nəyi az ediblər” sualının cavabından bələdiyyə sədri yayınıb. İmran Cabbarov bunu da deyib ki, adıçəkilən şəxs “elin adətiylə, dədə-baba qaydasına uyğun namazı qılınaraq” dəfn edilib: “Allah dövlətimizin canını sağ eləsin. Meyiti gətirənlər dedilər ki, necə lazımdır elə də dəfn edin”.

O ki qaldı mərhumun uşaqlarının məktəbdən qovulması barədə deyilənlərə, bələdiyyə sədri bundan xəbərsiz olduğunu söyləyib və bunu əlavə edib: “Belə şey ola bilməz. Heç kim heç kimin əməlinə cavabdeh deyil”.

Kəndin icra nümayəndəsi Şahin Xancanov da adıçəkilən şəxsin ölümünü təsdiqləyib. O, “belə bir hadisə olub. Ancaq ölüm səbəbi bilinmir” deməklə kifayətlənib. Xancanov kənddə olmadığını söyləyərək sualları cavabsız buraxıb.

Bugünlərdə “Turan” İnformasiya Agentliyi Tərtərdə eyni ittihamla saxlanıldığı deyilən iki nəfərin müəmmalı şəkildə ölümü haqda xəbər yaydı. Məlumatda ölənlərdən birinin kənd qəbiristanlığında dəfninə yerlilərin etiraz etdiyi və bu səbəbdən mərhumun kənd məzarlığından aralıda torpağa tapşırıldığı da deyilir.

“CİDDİ MƏSƏLƏDİR”

AzadlıqRadiosu bütün bunlarla bağlı istintaqı aparan Respublika Prokurorluğunun mətbuat xidmətinə müraciət edib. Xidmətin rəhbəri Eldar Sultanov deyib: “Mən bu məsələyə mövqe bildirməyəcəm”. O bu haqda “ciddi məsələdir” söyləyib və araşdırma aparılmasına ehtiyac olduğunu bildirib.

Eldar Sultanov
Eldar Sultanov

“İstintaq gedişatı, saxlanılanlarla, onların sayı və üstəlik də istintaq zamanı ölüm hallarının baş verməsi barədə deyilənlərlə bağlı niyə ictimaiyyətə açıqlama verilmir” sualına Eldar Sultanov belə cavab verib: “İstintaqla bağlı ilkin məlumat verildi, zərurət olacağı halda növbəti açıqlamayla da çıxış ediləcək”.

Mayın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev də Azərbaycanda bir qrup şəxsin casusluq etməsiylə bağlı məsələdən danışıb: «Artıq istintaq qrupu fəaliyyət göstərir. Prezident tərəfindən Baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Müdafiə Nazirliyi rəhbərliyinin prezidentin tapşırıqlarını düzgün icra etməsinin nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq da öz qiymətini verəcək».

DTX sədrinin sözlərinə görə, Azərbaycan “bir çox dövlətlərin, siyasi qüvvələrin maraq dairəsindədir, kənardan Azərbaycana böyük təhdidlər var». Ancaq o Azərbaycanın daxilində heç bir təhlükə olmadığını əlavə edib.

YERLİ RƏSMİLƏR DANIŞMIR, DEPUTAT DEYİR XƏBƏRİ YOXDUR

AzadlıqRadiosu bugünlərdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirildiyi Tərtər rayon icra hakimiyyəti ilə də əlaqə saxlayıb. Rayon icra başçısının müavini Ramiz Şabanov rayonda vəziyyətin sabit, əmin-amanlıq olduğunu deyib. Konkret iki nəfərin ölümü haqda sual verdikdə o, telefonu asıb. İkinci zəngdə də müavin heç bir izahat vermədən söhbətə son verib.

Tərtər 95 saylı seçki dairəsindən deputat seçilən Sahib Alıyev bu haqda məlumatsız olduğunu bildirib. “Təbii ki, oradakı proseslərlə maraqlanıram və bu məsələlərdə kimlər rol alıb, hansı rol alıb, bununla bağlı istintaq gedir. Bu yaxınlarda ictimaiyyət üçün açıqlama olacaq, onda siz də biləcəksiniz” söyləyib.

Son hadisələr haqda deputat yalnız bunu bildirib: “Tərtər camaatı özünün vətənpərvərliyi ilə seçilir. Biz bunu 1990-cı illərdə də görmüşük, keçən ilin aprel döyüşlərində də. İki-üç nəfər satqın varsa, bu bütün Tərtər camaatına aid edilməməlidir. Tərtər camaatı özünün zəhmətkeşliyi, mübarizliyi, qəhrəmanlığı ilə seçilir. Bu o camaatdır ki, 1990-cı illərdə, ən ağır zamanlarda düşmənə bir qarış torpaq verməyib. Bu camaatın təmsilçisi haqqında Nevzorov deyirdi ki, mənim həyatımda gördüyüm ən cəsarətli adam azərbaycanlı olub. Bunu rəhmətlik Milli Qəhrəman Vəzir Orucov haqqında deyirdi...”

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti ötən həftə birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər.

Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı.

Buna da bax:​ 'Ola bilsin, tilova daha böyük balığı salmağa hazırlıq gedir'

“1945-Cİ İL DEYİL”

“İndi İkinci Dünya Müharibəsi zamanı deyil, indi 1945-ci il də deyil”. Baş verənləri şərh edən hüquqşünas Ənnağı Hacıbəyli belə deyir. “Situasiya da fərqlidir, hadisələrə baxış da fərqli olmalıdır. O adamların cinayəti hələ sübut edilməyib, haqqında hökm çıxarılmayıb. Xüsusən qohumlara qarşı mənfi münasibət formalaşması, onların ictimai qınaq obyektinə çevrilməsi qanunsuzdur”, – hüquqşünas bildirir.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli baş verənləri “yanlış təbliğat”ın nəticəsi kimi dəyərləndirir. “Hətta onlar vətən xainidirlərsə belə, bunun mərhumların el adətiylə dəfninə heç bir aidiyyatı olmamalıdır. Əhalini qızışdırıb bu cür düşmənçilik yaratmaq nə hüquqa, nə qanuna, nə dini qaydalara, nə də başqa çərçivələrə sığır. Əgər adam qanunazidd hərəkət törədibsə, vətənə xəyanət edibsə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olana qədər heç kəsin həmin şəxsi qınamağa, ittiham etməyə, cəmiyyət arasında ona və qohumlarına qarşı düşmənçilik yaratmağa haqqı yoxdur. Bu özü qanun pozuntusudur”.

Hüquqşünas hesab edir ki, rəsmi qurumlar istintaq sirrinə xələl gətirmədən bu məsələyə aydınlıq gətirməli, ictimaiyyəti bilgiləndirməliydilər: “İstintaqın təfərrüatları sirr kimi saxlamaq hüququ var. Amma bu baş verənlər istintaq sirri ilə bağlı deyil. Rəsmi açıqlama olmasa da, media vasitəsilə istintaq sirrinə xələl gətirmədən bəzi məlumatları yaymaq, düzgün ictimai fikir formalaşdırmaq mümkündür. Bütün bunların olmamasının nəticəsidir ki, əhali həmin şəxslərə və yaxınlarına qarşı belə davranır”.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG