Accessibility links

Azərbaycan Milli Dirəniş Təşkilatı ildönümünü qeyd etdi


Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) 11-ci ildönümü İran Azərbaycanında, Ankara və Vaşinqton şəhərlərində qeyd olunub.

18 martda Ankarada təşkil edilən yığıncaqda Azərbaycan Milli Dirəniş Təşkilatı üzvlərindən Macit Cavadi, təşkilatın beynəlxalq əlaqələr üzrə məsul katibi Kərim Əsgər, Araznews vebsaytının redaktoru Babək Şahid ötən 11 ildə AMDT-nin müxtəlif fəaliyyətlərinə toxunaraq Güney Azərbaycan Milli Hərəkatının Yaxın Şərqin siyasi mənzərərəsindəki rolu haqda danışıblar. Yığıncaqda qısa təqdimat videosu nümayişi ilə birlikdə təşkilat tərəfindən İranda paylanan müxtəlif jurnal və kitablar iştirakçılara təqdim edilib.

Eyni tarixdə Amerika Birləşmiş Ştatları paytaxtı Vaşinqtonda Azərbaycan Milli Dirəniş Təşkilatının yerli qurumu tərəfindən toplantı keçirilib. AMDT sözçüsü Babək Çələbiyanlı, gənclərlə iş koordinatoru Oğuz Bahadır, keçmiş sözçü Davud Turan, sabiq işçi komitəsi təmsilçisi Taymaz Urmulu və Azərbaycan Milli Hərəkatı mənsublarından Həbib Azərsina, Rahim Şahbazi və Zaur Bayramlı güneydə milli hərəkat çərçivəsində təşkilatçılıq, Azərbaycan Milli Dirəniş Təşkilatının fəaliyyəti, insan hüquqlarının vəziyyəti və milli hərəkatla əlaqədar nitqlər söyləyiblər.

Ötən il İran Azərbaycanın bəzi şəhərlərində təşkilatın ildönümü münasibətilə təşkil edilən yığıncaqların bəzi fotoşəkilləri dərc olunub. Bu il İran Azərbaycanının altı şəhərində toplantıların təşkil edilməsinə baxmayaraq İrandakı mövcud təhlükəsizlik riskləri diqqətə alınaraq təşkilat səlahiyyətliləri İran içində edilən yığıncaqların fotoşəkillərini paylaşılmasını məqsədəuyğun görməyib.

AMDT 2006-cı il, martın 19-da təsis edilib. Təşkilat Azərbaycan türklərinin hüquqları uğrunda İran daxilində mübarizə aparır. Təşkilat son illərdə beynəlxalq vəziyyəti nəzərə alaraq xaricdəki bəzi üzvlərin adlarını açıqlamışdır.

AMDT-ni təmsil edən "Araznews" vebsaytı fars, ingilis və türkcə İran Azərbaycanı ilə bağlı xəbərlər yayır. Araznews TV 2016-ci ildən bəri internet televiziyası olaraq çalışmağa başlayıb.

Babək Çələbiyanlı
Babək Çələbiyanlı

AMDT-ni sözcü olaraq Vaşinqtonda Babək Çələbiyanlı təmsil edir. İran Ordusu Quru Qüvvələri Universitetinin məzunu olan Babək Çələbiyanlı məktəbi bitirdikdən az sonra Ettealat tərəfindən həbs olunub. "Türkçülük" ittihamı ilə hərbi məhkəməyə çıxarılmaq üzrə məhkəmə prosesi davam edərkən xaricə gedən Çələbiyanlı bir müddət Türkiyədə qaldıqdan sonra Amerikaya mühacirət edib.

XS
SM
MD
LG