2014 ilində Dünya Ana Dili Günü münasibəti ilə keçirilən bir mərasimə qatıldıqları zaman nəzarət altına alınıb və daha sonra mühakimə edilən dörd türk dil haqları fəalına qarşı həbs və sürgün hökmünün çıxarılması da dünya ana dili gününə təsadüf edib.
Fevralın 21-də Tehran vilayəti Baharistan şəhərinin İnqilab Məhkəməsinin çıxardığı hökmə əsasən, fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verilib.
Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi veb səhifələr Məhkəmənin çıxardığı hökmə istinadən məlumat yayıblar.
Hökmə görə, Əlirza Fərşi 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamağa, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi isə 10 il həbs və müvafiq olaraq İlam vilayətinin Dərrəşəhər, Xuzistan Vilayətinin Məscid Süleyman və Luristan vilayətinin Azna şəhərlərində 2 il sürgündə yaşamağa məhkum olunublar.
Bu fəallar 2014-cü ilin fevral ayında Baharistan şəhərində ana dili gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.
Həmid Mənafi müvəqqəti azadlığa buraxıldıqdan sonra Amerikanın Səsinə müsahibədə həmin olayı ətraflı şəkildə şərh edib:
“Məmurlar məni dəyənəklə döyərək həbs edib, həyat yoldaşıma isə hücum etdilər... ilk 43 gündə evə telefon etməmişdim. Bu müddətdə ailəm ancaq tutulduğumu bilirdi, harada olduğumu ya hansı qurum tərəfindən tutulduğumdan xəbərsiz idi. 43 gün sonra evə zəng aça bildim və ailəmə harada olduğumu dedim... Təqribən 80 gün həbsdən sonra 150 milyon tümən zəmanət qarşılığında müvəqqəti şəkildə buraxıldım... Digər fəalların da vəziyyəti təqribən mənim kimi idi...”
Əlirza Fərşi əlavə olaraq 2015-ci ilin fevral ayında da Dünya Ana Dili Günü ilə əlaqədar nəzarət altına alınmışdı.