Accessibility links

Bloq: Uzun ömür, can sağlığı


Müasir həyatla 150 il bundan öncəki arasında ən böyük fərq təyyarədə uçuş, nüvə silahları, yaxud internet deyil. Əvvəllər ABŞ-da ömür adətən 35-40 yaşları arasında bitirdisə, indi bu rəqəm az qala 80-ə çatıb,” Laura Helmut Slate məcmuəsində yazır. Onun sözlərinə görə keçmişdə insanlar bir həyat yaşayırdılarsa, indi ikisini yaşayırlar desək, yanılmarıq. Həyatınızda elə bir xəstəlik olubmu ki, 150 il əvvəl onun əlacı olmazdı? Hansısa spesifik tibbi müdaxilə həyatınızı xilas edibmi? Əgər bu suallara cavab “hə”-dirsə, Laura Helmutun sadaladıqları başqa faktorları nəzərdən keçirmək sizinçün maraqlı olar.

Keçmişin insanları gənc ölürdülər və buna səbəb adətən vərəm, tonzillit, qızdırma, doğuş və ya bağırsaq qurdu olurdu.

Əvvəla insanların hazırda niyə çox yaşadığını bilmək üçün keçmişdə insanların hansı səbəbdən dünyasını dəyişdiklərini bilmək vacibdir, müəllif müşahidə edir. “İnsanlar gənc ölürdülər və buna səbəb adətən vərəm, tonzillit, qızdırma, doğuş və ya bağırsaq qurdu olurdu. Məsələn, Şimali Amerikaya gələn ilk ağdərili avropalılar əsasən aclıqdan ölürdülər. Üstəgəl də, yemək üçün əkib-becərmək əvəzinə, qızıl-gümüş axtarışında hindularla savaşamaq onsuz da risklərlə dolu həyata bir qədər də əlavə təhlükə qatırdı.

Epidemiyaların yayıldığı ən pis vaxtlar qlobal nəqliyyatın inkişaf etdiyi vaxtlar idi. Yeni dünyanın kəşfindən sonra start götürən transkontinental ticarət əmtəə ilə bərabər özü ilə görünməmiş xəstəliklər gətirər, və immuniteti olmayan yerli əhalini məhv edərdi. “Yenicə məskunlaşmış yerlərdə ağcaqanad və başqa mikroblarla dolu rütubətli taxta kabinlərdə yaşayan adamların başlıca qənimi yatalaq idi,” Helmut yazır. “Urbanizasiyalaşmış yerlərin bəlası isə insanları bir-birinə yaxın yaşatdırmaqla mikroblar üçün yayılmağa münbit zəminin mövcudluğu idi.”

“Bir çox insanlar müasir ömrün uzun olmasına tibbi sahədə əldə olunan irəliləyişləri səbəb görürlər,” Harvard Universietinin tibbi tarixçisi David Jones müşahidə edir. “Lakin əksər tarixçilər bu fikirlə razılaşmazdılar.” Belə ki, insan həyatının yaxşılaşması baxımdan ən iri sıçrayış II Dünya Müharibəsindən sonra anti-biotiklərin, kimya terapiyasının, anti-qan təzyiqi dərmanlarının kəşfi dönəmində yox, 1800-cü illərlə 1940-cı illər arasında baş verib. Həmin dönəmdə ictimai səhiyyə sistemində əldə olunan irəliləyişlər insan həyatının yaxşılaşmasında son dərəcə önəmli rol oynayıb.

TƏMİZ SU

Müasir su təmizləmə sistemi dünya boyu insanların sağlamlığını qoruyan başlıca amildir.
Müasir su təmizləmə sistemi dünya boyu insanların sağlamlığını qoruyan başlıca amildir.

1854-cü ildə həkim Con Snou Londonda baş qaldıran vəba epidemiyasının səbəbini aşkar etdi. Məlum oldu ki, içməli su mənbəyi yaxınlığında kanalizasiya xəttinin sızması mikrobun yayılmasına yol açıb. Bundan az sonra İngiltərədə başlanılan iri ictimai layihələr içməli suyun çirkli sudan ayrılmasına yönəldi. İnfeksiya mənbəyinin mikroblar olduğunu öyrənməyə başlayan insanlar kanalizasiya xətlərini içməli su borularından ayrı tutmağa başladılar. Öz növbəsində içməli su ilk öncə qum və çınqıllar vasitəsilə təmizlənməyə başlandı. Bu səylər yetərli olmayanda içməli suya xlor vurulmasına başlandı. “Suyu təmizləmək işi olduqca çətin idi, amma dividentlər inanılmaz,” Helmut yazır. “Bəzi tarixçilər təxmin edirlər ki, bu tədbir sayəsində ümumi ölüm hallarını yarıbayarı, uşaq ölümlərini isə 60 faiz azaltmaq mümkün oldu.”

SABUN

Mikrobların xəstəliyə səbəb olduğunu anlamaq bəşəriyyətə xeyli vaxt apardı. Amma bunu öyrəndikdən sonra insanlar gigiyenaya kifayət qədər diqqət yetirməyə başladılar. Əl yumaq normaya çevrildi – ələlxüsus cərahiyyə əməliyyatından və yeməzdən öncə. Sənayenin inkişafı sayəsində sabun ucuz və əlçatan əmtəəyə çevrildi. Gündə adi məişət malı kimi baxılan sabunun xəstəliklərin qarşısını almaqda, riskli xəstəlikləri aradan qaldırmaqda oynadığı rolu danılmazdır. Belə ki, təmiz su və sabuna çıxışın məhdud olduğu ölkələrdə uşaqların sağlam şəkildə boya-başa çatması problemli olur.

EV

İqtisadi vəziyyət düzəldikcə, tikilən evlər daha sanitar, havaçəkən, rütubətə davamlı, işıqlı olmağa başladı.

Şəhərdəki yaşayış evləri dar, sıxıntılı, çirkli, ventilyasiyasız, nəmişlik, yay vaxtı qızmar, qızda isə dözülməz dərəcədə soyuq olurdu. “Bu, insanlar üçün olduqca pis, mikroblar üçünsə əlverişli mühit idi,” Helmut yazır. 19-cu əsrin əsas qatili vərəm xəstəliyi idi ki, buna şəhər sakinlərinin mütləq əksəriyyəti yoluxurdu. “İqtisadi vəziyyət düzəldikcə, tikilən evlər daha sanitar, havaçəkən, rütubətə davamlı, işıqlı olmağa başladı. Bəli, ev üçün pəncərənin əhəmiyyətini nəzərdən qaçırmaq olmaz. Günəş işığı vərəm bakteriyasını öldürür.”

VİTAMİNLƏR

Müasir insanlar əcdadları ilə müqayisədə xeyli yaxşı yeyir. Amerikalı kolonistlər ilkin dövrlərdə aclıq keçirdikdən sonra təssərrüfatı inkişaf etdirərək bir çox parametrlər üzrə avropalıları geridə qoydular. Artıq İstiqlaliyyət Müharibəsi (1776-83) zamanı orta amerikalı döyüşçünün boyu ingilis əsgərinin boyundan bir neçə santimetr hündür olurdu. “Niyə? Çünki əksər amerikalılar qarın dolusu yemək yeyir, Avropada isə bu, yalnız varlılara məxsus bir imtiyaz idi.” 1800-cü illərdən başlayaraq amerikalılarla avropalılar arasında müşahidə olunan fiziki cüssə fərqləri məhz qidalanmanın Yeni Dünyada daha üstün olması ilə izah edilir. Dolu qarın sağlam, həmçinin iri bədən deməkdir.

Vitaminlərlə zəngin ərzaq müxtəlifliyi və bolluğu sağlam qidalanmada önəmli rol oynayır.
Vitaminlərlə zəngin ərzaq müxtəlifliyi və bolluğu sağlam qidalanmada önəmli rol oynayır.

İnsanların qidalanması yaxşılaşdıqca ömür da uzanmağa başladı. Tibbi ekspertlər vitaminlə insan səhhəti arasındakı əlaqəni kəşf etdikdən sonra bir çox xəstəliklərin məhz həyati ərzağın çatışmaslığı ilə əlaqəli olduğu üzə çıxdı. Məsələn, “C” vitamini sınqa, “D” vitamini raxitlik, niasin maddəsi isə pellaqra kimi xəstəliklərin qarşısını alır. Bu gün duzlara istehsalçılar bir qayda olaraq yod, “D” vitaminini təmin etmək üçünsə çörək və süd məmulatlarına ultrabənövşəyi şüalar vururlar.

QANUNLAR

İnsanların bol yemək yeməsi hələ bu yeməyin keyfiyyətinə dəlalət etmir. Keyfiyyəti təmin edən başlıca amil isə qanunlar və bu qanunları icra edən işlək dövlət agentlikləridir. Mikroblu yeməklər ələlxüsus ana südündən kəsilmiş uşaqlarda tez-tez botulizm, salmonella və başqa ölümcül bakteriyalara yol açır. 1906-cı ildə ABŞ-da qəbul edilən Saf Qida və Dərman Aktı zəhərli yeməklərin satılmasını cinayət kimi qiymətləndirdi və hazırda Amerika boyu bütün ərzaq və dərmanların keyfiyyətini nizamlayan Qida və Dərman Administrasiyasının təsis olunması ilə nəticələndi. Ərzaq hasilatının kütləviləşdiyi bir məqamda həmin ərzağın təhlükəsizliyini təmin etmək vacib vəzifədir.

KARANTİN

1800-cü illərin ortalarında artıq bir çox sivil Avropa ölkələri müəyyən etmişdilər ki, xəstəliyin mənbəyi ətraf mühitdən tamamilə təcrid olunmalı və onun əhatə dairəsi maksmum daraldılmalı və nəhayət qapadılmalıdır.

Xəstəliklərin mikroblar vasitəsilə yayıldığını anlamaq həm də epidemiyanın necə yayılmasına anlamağa imkan verir. Tarixən xəstəliklər liman şəhərləri vasitəsilə yayılıb. Uzaq məkanlardan gələn səyyahlar qeyri-tanış virusları yerli əhalinin canına salaraq, yoluxucu xəstəliklərin əsas daşıyıcısı rolunu oynayıblar. 1800-cü illərin ortalarında artıq bir çox sivil Avropa ölkələri müəyyən etmişdilər ki, xəstəliyin mənbəyi ətraf mühitdən tamamilə təcrid olunmalı və onun əhatə dairəsi maksmum daraldılmalı və nəhayət qapadılmalıdır. Karantin adlanan bu ölçüləri tətbiq edən liman rəsmiləri ekpiaj tərkibində xəstə olan gəmi heyətlərinin şəhərə buraxılmasında qadağalar tətbiq etməyə və bununla epidemiyanın qarşısını almağa başladılar.

PEYVƏND

Peyvəndin kəşfi uşaq ölümlərinin sayını əhəmiyyətli şəkildə azaldıb.
Peyvəndin kəşfi uşaq ölümlərinin sayını əhəmiyyətli şəkildə azaldıb.

1721-ci ildə Bostonda baş qaldıran çiçək epidemiyası tibb tarixində mühüm elmi tapıntıya yol açdı. Aşkar edildi ki, infeksiyalanmış adamın irin mayesindən cüzi miqdarı başqasına köçürməklə yalnız kiçicik reaksiyaya səbəb olmaq, və bunun müqabilində həmin adamda xəstəliyə immunitet qazandırmaq olar. Müəllif Kotton Mather peyvəndin kəşfini “Tanrıdan hədiyyə” adlandırmışdı. Bu gün anadan olan uşaqların mütləq əksəriyyəti 150 il öncə ölümcül fəsadlarla nəticələnə biləcək bir çox xəstəliklərə qarşı peyvənd olunurlar. Bunların sırasında çiçəkdən əlavə, qızılca, məxmərək, xanazır, poliomelit, hepatit A, tetanus kimi xəstəliklər var. İctimai səhiyyə sistemi qənaətbəxş olan ölkələrdə hər il kütləvi peyvəndlərin sayəsində milyonlarla uşağın həyatı xilas edilir.

XS
SM
MD
LG