Accessibility links

Kruz Ayova kokuslarını qazandı, Klinton və Sanders bərabər səs aldılar


ABŞ Senatoru Ted Kruz Ayova ştatında keçirilən ilkin seçkilərdə qələbə qazanaraq indiyədək Respublikaçılar arasındakı rəy sorğularında öndə gedən milyarder iddialı Donald Trampı məğlubiyyətə uğradıb.

Texasdan seçilmiş mühafizəkar senator Kruz səslərin 28, Tramp isə 24 faizini qazanıblar.

Əksər rəy sorğuları Donald Trampın öndə getdiyini göstərirdi.
Əksər rəy sorğuları Donald Trampın öndə getdiyini göstərirdi.

Flordadan Senator Marko Rubio gözlənilmədən səslərin 23 faizini qazana bilib. Əldə olunan nəticə onu Respublikaçı isteblişmentin favoriti edir.

Bütün başqa iddialılar, o cümlədən ilk vaxtlarda partiyanın favoriti sayılan Ceb Buş cüzi səs toplamaqla xeyli geridə qalıblar.

Qələbə nitqində Ted Kruz prezident Barak Obamanın yürütdüyü daxili və xarici siyasəti kökündən dəyişəcəyini vəd edib. O, prezident seçildiyi təqdirdə məhdud hökumət, konstitutsional prinsiplərə riayət edəcəyini, ötkəm xarici siyasət yürüdəcəyini bəyan edib.

Hillari Klinton və Berni Sanders
Hillari Klinton və Berni Sanders

Demokrat cəbhəsində Hillari Klinton və Berni Sanders hərəyə 50 faiz səslə bərabər dəstək qazanıblar.

Səsvermədə olduqca cüzi səs qazanan sabiq Merilend qubernatoru Martin O’Mailley kampaniyasını dayandıracağını bildirib.

Yarışdan çıxacağını elan edənlər sırasında sabiq Arkanzas qubernatoru Maykl Hakabi də var. O, 2008-ci il seçki mövsümündə Ayova kokuslarında qalib gəlmişdi.

Ayovada keçirilən ilkin seçkilər az qlala bir il davam edən siyasi çarpışma və spekulyasiyaların ardınca ölkədə seçici sentimentlərinə ilk konkret baxış imkanı verir.

Bu gecə sıravi fəalların qələbəsidir. Bu gecə bütün Ayova və Amerika boyu cəsur mühafizəkarların qələbəsidir.
Respublikaçı iddialı Ted Kruz

Axşam saat 7-də kilsələrdə, icma mərkəzlərində, kitabxanalarda və başqa ictimai binalarda toplaşan sıravi ayovalılar Amerikanın bu mərkəzi ştatı boyunca 1,900 məntəqələrdə kokuslar keçirərək qalibləri müəyyən ediblər.

Ümummilli prezident seçkilərində momentum əldə etmək istəyən iddialılar üçün Ayova ştatındakı qələbə dəyərli bir fürsətdir. Belə ki, Amerika boyu bütün ştatlarda keçiriləcək ilkin seçkilərdə - bu, praymeriz yaxud kokus halında ola bilər - amerikalılar iki əsas partiyanın vahid namizədlərini müəyyən edəcəklər.

XS
SM
MD
LG