Pekin 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar verib.
Nəzərdən keçirilən başqa finalis Qazaxıstanın Almatı şəhəri idi.
Qərarı komitənin prezidenti Tomas Bax Kuala Lumpurda keçirilən 128-ci sessiyada açıqlayıb.
Pekin 2008-ci ildə Yay Olimpiadasına ev sahiblyi etmişdi, və əsas arqumenti ondan ibarət idi ki, həmin vaxt inşa edilmiş olimpiya stadionları yenidən istifadəyə qoyulacaq. Qazaxıstan heç vaxt Olimpiya Oyunları keçirməyib.
Qazaxıstan rəsmiləri ölkənin qış olimpiadasına daya uyğun iqlim şəraitinə malik olduğunu irəli sürürdülər. Lakin olimpiya rəsmiləri Çinin daha yaxşı idman komplekslərinə malik olması və münasib sponsorluq imkanları təklif etməsi qənaətinə gəliblər.
Hər iki ölkə insan haqları sahəsində bərbad göstəricilərinə görə tənqid olunur. Müşahidəçilərin bir qismi bu növ ölkələrə idman yarışlarına ev sahibliyi bəxş etməklə insan haqlarına daha çox diqqətin ayrılacağı, başqaları isə məsələnin kölgədə qalacağına diqqət çəkir.