İyunun 21-də Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan mətbuatının 140 illiyi münasibətilə bir qrup jurnalistə “Həsən bəy Zərdabi” mükafatı təqdim edib. Mükafatları Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı təqdim edib.
Mükafat alanlar arasında Amerikanın Səsinin və Turan İnformasiya Agentliyinin müxbiri Tapdıq Fərhadoğlu da var. Ona mükafata ictimai-siyasi və beynəlxalq mövzularda operativ reportajlarına görə layiq görülüb.
Bundan sonra Aynur Kərimli (BDU, jurnalistika fakültəsi) jurnalistikanın tədrisindəki uğurlarına və elmi nailiyyətlərinə, Rövşanə Asəfqızı (ANS TV) “Bazar səhəri” proqramına, Mənzərə Sadıqova (publisist) “YaşaM” fəlsəfi - publisistik kitabına, Rafiq Hacıyev (AJB üzvü) hüquq - ədliyyə və kriminalistika sahəsində silsilə məqalələrinə, Məhsim Məhsimov (Region TV Xaçmaz) bölgə televiziyasının inkişafına verdiyi dəstəyə, Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyi) ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasında uğurlarına, Vüsalə Məmmədova (Lent.az) publisistik yazılarına, Yeganə Nəbiyeva (“Mingəçevir işıqları” qəzeti) region mətbuatının inkişafında fəallığına, Sevda Sultanova (Kulis.az) isə mədəniyyət sahəsində yazılarına görə H.B. Zərdabi mükafatı alıb.
Mükafatçılar sırasında həmçinin, Aida Eyvazlı (Kulturaplus.az), “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova, “Azadlıq” qəzetinin köşə yazarı Səadət Cahangir, Ekspress” qəzetinin əməkdaşı Qalib Məmmədli və “Xalq qəzeti”nin əməkdaşı Əli Nəcəfxanlının da adı var.
“Həsən bəy Zərdabi” mükafatı ölkədə azad media sahəsində ən nüfuzlu ictimai mükafat hesab edilir.