İraqın vitse prezidenti İyad Allavi ABŞ-ın rəhbərlik etidyi koalisiyanın İslam Dövlət militantlarına qarşı hava zərbələrini tənqid edib.
İordaniyada düzənlənən Dünya İqtisadi Forumunda çıxış edən cənab Allavi bildirib ki, koalisiyanın konkret startegiyası yoxdur. O, İraq liderlərindən İŞİD-i əzmək üçün strategiya tərtib etməyi və onu koalisiyaya təqdim etməyi xahiş edib.
Bu fikir İslam Dövlətinin İraq şəhəri Ramadiyə nəzarəti ələ keçirməsindən bir həftə sonra səsləndirilir.
İraq hökuməti ilə birgə işləyən Xalq Mobilizasiya qüvvələrinin sözçüsü bildirib ki, şəhəri geri qaytarmaq üçün hərbi əməliyyat yaxın günlərdə başlanacaq. O, əməliyyatlara on minlərlə əsgərin cəlb edildiyini bildirir.
İslam Dövlət cümə günü transmilli xilafət qurulması istiqamətində əlavə irəliləyişlər edərək Suriya ilə İraqı arasında sonuncu sərhəd-keşik postunu ələ keçirib.
Prezident Bəşar əl-Əsədə sadiq qüvvələr ötən günlərdə islamçı qüvvələrin əlində ağır məğlubiyyətlərə uğrayıblar. Suriya İnsan Haqları Müşahidəçiləri qrupu Əsəd hökumətinin artıq ölkənin yarıdan az hissəsinə nəzarət etdiyini xəbər verir.