Accessibility links

Nigeriya höküməti Boko Haramla danışıqlar aparır


Nigeriya höküməti altı ay öncə qaçırılmış qızların qaytarılması və minlərlə insanın ölümünə səbəb olan üsyanın yatırılması üçün Boko Haram islamçı militant qrupu ilə danışıqlar aparır.

Nigeriya prezidenti Qudlak Conatanın müşaviri və Boko Haramın baş katibi olduğunu iddia edən adam cümə axşamı Amerikanın Səsinə bildiriblər ki, danışıqlar, Çad və Kamerundan yüksək rütbəli şəxslərin köməkliyi ilə Səudiyyə Ərəbistanda keçirilir.

Səudiyyə Ərəbistanında olan Boko Haramın üzvü Danladi Əhmədu qızların “zərər görmədiklərini və vəziyyətlərinin yaxşı olduğunu” bildirib.

Aprelin 14-də onlarla Boko Haram döyüşçüsü Nigeriyanın ucqar şimal-şərqi Çibok kəndində yerləşən orta məktəbə hücüm edərək oradan 270 məktəbli qızı qaçırıblar. 57 qız özlərini xilas etməyi bacarıb.

Sonradan Boko Haramın lideri Əbubəkr Şekau, həbsxanada olan islamçı militantların azadlığa buraxılmadığı halda, əsir qızları qul gəlin kimi satacağını bildirib.

Əhmədu qızların hansı yollarla azad olacağına dair detalları paylaşmayıb. Riyad danışıqlara cəlb olunmayıb.

Abucada,Nigeriya prezidentinin baş məsləhətçisi Amerikanın Səsinə Səudiyyə Ərəbistanında keçirilən danışıqları təsdiq edə bilməyəcəyini bildirib.

Doyin Okupe onu da əlavə edib ki, Nigeriya höküməti “qızların evə qaytarılmasının başqa yolarını da araşdırır.” Bu sıraya “ictimaiyyətə bildirilməyən pərdəarxası cəhdlər” də daxildir.

Nigeriya prezidenti Qudlak Conatan girovlarla bağlı tədbirlərin yubadılmasına görə yerli və xarici icma tərəfindən tənqid hədəfinə çevrilib. Nigeriya ordusunun militant qruplarının zorakılıqlarının qarşısını ala bilməməsi Afrikanın ən böyük iqtisadiyyatı və aparıcı enerji istehsalçısı üçün ciddi təhlükə kimi dəyərləndirilir.

XS
SM
MD
LG