Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blank Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib. Rusiyanın məramları ilə bağlı dərin şübhələrini ifadə edən ekspert görüşlərdən real nəticə gözləmədiyini bildirib.
Amerikanın Səsi: Cənab Blank, Azərbaycan və Ermənistan prezidentləri bu günlərdə Soçidə görüşdülər. Bu görüş nə kimi nəticə verdi?
Stefen Blank: Düşünmürəm ki, bu görüş elə bir nəticə verdi. Bircə o oldu ki, tərəflər daha böyük miqyasda zorakılıqdan çəkindiklərinə görə alqışlandılar. Heç kim bu görüşdən sülhə doğru real proqres gözləmirdi. Mənim gözlənitlərim aşağıdır, çünki Rusiyanın sülhdə marağı yoxdur. Və başqa heç kəs aktiv rol oynamaq istəmir. Ona görə də hökumətlər üzərində sülhə nail olmaq üçün xarici təzyiq yoxdur.
Amerikanın Səsi: Görüş ruslar tərəfindən, konkret olaraq prezident Vladimir Putin tərəfindən təşkil olunmuşdu. Rusiyanın bu konfliktdə rolunu necə görürsünüz? Moskva Dağlıq Qarabağda sülhdə maraqlıdırmı?
Stefen Blank: Xeyr. Onlar müharibənin baş verməsində maraqlı deyillər. Amma onlar istəyərdilər ki, nəzarətli qaydada gərginliklər qalsın. Bu, onların maraqlarına cavab verir. Onlar Azərbaycana da, Ermənstana da silah satırlar. Onların Ermənistanda qoşunları var. Bu həll olunmamış münaqişə onlara Cənubi Qafqazda dominant qüvvə olmağa imkan verir.
Amerikanın Səsi: Son bir neçə həftədə təmas xəttində eskalasiya müşahidə olunub. Sizcə hərbi konfliktin yenidən baş qaldırması şansları nə dərəcədə realdır?
Stefen Blank: Hesab edirəm ki, insidentlərin yenidən baş qaldırması ehtimalı kifayət qədər yüksəkdir, hətta müharibənin də. Hər iki tərəf silahlanır. Həmin kontekstdə həmişə belə bir ehtimal var ki, müxtəlif növ səbəblərdən, yaxud bilərəkdən bir insident başlasın. Nəticədə toqquşmalar vüsət ala bilər və ən pis halda müharibə baş verə bilər.
Amerikanın Səsi: Əgər Dağlıq Qarabağda hərbi münaqişə baş versə, bu, nə kimi mahiyyət daşıya bilər? Bunun nəticəsi necə olar?
Müharibə olsa, Ermənistan da, Azərbaycan da uduzacaqlar və yeganə qalib Moskva olacaq. Rusiya hansısa məqamda ya birbaşa yaxud da hədə yolu ilə münaqişəyə qatılaraq bu dövlətləri öz orbitinə salacaq.
Stefen Blank: Məncə Ermənistan da, Azərbaycan da uduzacaqlar. Yeganə qalib Moskva olacaq. Rusiya hansısa məqamda ya birbaşa yaxud da hədə yolu ilə münaqişəyə qatılaraq bu dövlətləri öz orbitinə salacaq. Ona görə də hesab edirəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Çünki qarşıdurma nə qədər uzanırsa, bir o qədər müharibə ethimalı artır. Onlar hər ikisi Rusiyanın caynaqlarına düşə bilərlər. Onlardan heç biri də bunu arzulamır. Biz artıq görürük ki, Ermənistana nə olub. Bu ölkə xarici siyasətdə, bəldə də daxili və iqtisadi siyasətdə müstəqillyini faktiki uduzub. Ermənistan Dağlıq Qarabağdakı ambisiyalarının girovuna çevrilib.
Amerikanın Səsi: Qarabağda gərginliyin artması Azərbaycanda sivil cəmiyyət fəallarına qarşı genişmiqyaslı basqılarla müşayiət olunur. Azərbaycan polisi bir neçə tanınmış insan haqları fəallarını həbs edib. Bütün bunlar Azərbaycanın Qərblə münasibətlərinə necə təsir göstərir?
Stefen Blank: Bu, Azərbaycanın Qərblə münasibətləinə zərbə vurur. Vaşinqtonda çox sayda adam var ki, Azərbaycana Rusiyanın nüfuz dairəsində olan və Qərb üçün heç bir əhəmiyyəti olmayan diktatura kimi baxır. Şəxsən mənim fikrimcə, burada ABŞ-ın da günahı var. Biz Azərbaycanın təhlükəsizlik maraqlarını ciddi qəbul etməliyik. Söhbət burada Dağlıq Qarabağdan gedir. Əgər biz istəyiriksə ki, Azərbaycan insan haqları fəallarının həbslərinə son qoysun və siyasi atmosferi yaxşılaşdırsın, biz Azərbaycanla insan haqları sahəsində olduğu kimi təhlükəsizlik sahəsində da danışmalıyıq. Yalnız belə olan halda onlar bizə qulaq asacaqlar.