Accessibility links

Bloq: Amerikasız dünya


Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr Hələb şəhərini bombaladıqdan sonra ata dağıntılar altından çıxardığı oğlunu qucaqlayıb. 14 fevral, 2014.
Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələr Hələb şəhərini bombaladıqdan sonra ata dağıntılar altından çıxardığı oğlunu qucaqlayıb. 14 fevral, 2014.

Ötən aylarda beynəlxalq münasibətlərdə temperaturun əhəmiyyətli dərəcədə qızışdığı hiss olunur. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Suriyada vətəndaş müharibəsi, İraqda İŞİD-in qalxması, Qəzzada münaqişə, Şərqi Çin dənizində ərazi mübahisələri belə bir təsəvvür yaradır ki, qlobal sabitlik pozulub. Sırf statistik baxımdan əslində bu təsəvvür dürüst deyil. Keçmişlə müqayisədə dünyada daha çox insan sülh içərisində yaşayır, münaqişələrin sayı xeyli azalıb. Bəlkə də bu əmin-amanlıq fonunda qaynar nöqtələrdə baş verən həyat itkiləri daha bariz nəzərə çarpır. Amma o da reallıqdır ki, dünya ictimaiyyətinin mövcud münaqişələri kənardan seyr etməsi və bununla bağlı heç bir şey edə bilməməsi ciddi təşvişə əsas verir.

Ukraynada rusiyapərəst separatistlər Malayziya təyyarəsinin qalıqları ətrafında patrul çəkirlər.
Ukraynada rusiyapərəst separatistlər Malayziya təyyarəsinin qalıqları ətrafında patrul çəkirlər.

ABŞ paytaxtı Vaşinqtonda debat baş verənlərə görə Prezident Obamanın nə dərəcədə məsuliyyət daşıyıb-daşımadığı ətrafında cərəyan edir. Müxalif Respublikaçılar prezidenti zəiflikdə, qətiyyətsizlikdə ittiham edir, Amerikanın qüdrətindən lazımi şəkildə istifadə etmədiyinə diqqət çəkirlər. Demokratlar isə prezidenti dünyada baş verən hər şeyə görə günahlandırmağı sərsəm hesab edirlər. Onların rəyincə Barak Obama ehtiyatlı siyasət yürüdür və çalışır ki, imkan daxilində Amerikanı xarici münaqişələrə tərəf etməsin. Onu da danmaq olmaz ki, qanlı İraq müharibəsinin ardınca Amerikada baş qaldıran konfliktdən yayınma meylləri özünü siyasətdə büruzə verib və onun nəticələri artıq gözə dəyməkdədir.

Amerika yeganə ölkədir ki, dünyanın əksər guşələrində qan axıdılmasına son qoya biləcək əzici hərbi qüvvəyə, kəşfiyyat imkanlarına malikdir. Eyni zamanda Rusiya və Çindən fərqli olaraq Amerikada hökumət xalq qarşısında cavabdehdir və mütəmadi olaraq demokratik seçkilərdə dəyişilir.

“Biz laboratoriya eksperimentində olduğu kimi ABŞ-ın real dünyadan çəkilməsinin effektlərinin şahidi olmuşuq,” Fred Hiatt Washington Post qəzetində yazır. “Prezident Obama açıq şəkildə və bilərəkdən, təcridçi yox, amma dünyadan çəkilmə prinsipini rəbər tutan siyasət yürütdü, ələlxüsus Avropadan və Yaxın Şərqdən. O, dövlətçiliyi evdə gücləndirməyin vacibliyindən danışdı. Sakit Okean hövzəsinin ən dinamik və layiqli region olduğunu əsas gətirərək Amerikanın üzünü Şərqi Asiyaya çevridi. Biz gələcəyi burada görürük, deyə Obama Avstraliya parlamenti qarşısında bəyan etdi.”

Çəkilmə siyasətinin başlıca komponentləri ABŞ-ın Yaxın Şərqdəki nüfuzunu kəskin azaltmağa yönəlmişdi. ABŞ qüvvələri İraqdan tamamilə çıxarıldı. Bunun Nuri əl-Malikinin yoxsa ABŞ-ın arzusunu əks etdirməsindən asılı olmayaraq aydın oldu ki, Barak Obama İraqda bir nəfər də olsun ABŞ əsgəri saxlanılmaması qərarı ilə rahat idi və onu İraqın Amerikasız gələcəyi elə də narahat etmirdi. Suriyaya gəldikdə cənab Hiatt Vaşinqtonun mötədil üsyançılara havadan dəstək, hərbi ləvazimat, silah-sursat verməməsini xatırladır. Prezident Obama əmin idi ki, bu yardım olmadan da Bəşər Əsəd tezliklə devriləcək. Sonradan Əsəd rəqiblərinə qarşı kimyəvi silahdan istifadə edəndə, Prezident Obama çəkdiyi qırmızı xəttin bədələni ona ödətdirmək əvəzinə vasitəçilik üçün Əsədin himayədarı olmuş Vladimir Putinə üz tutdu.

11 təyyarədaşıyan gəmiyə malik ABŞ dünyanın bir nömrəli hərbi qüdrəti sayılır.
11 təyyarədaşıyan gəmiyə malik ABŞ dünyanın bir nömrəli hərbi qüdrəti sayılır.

“Obamanın Avropada və Yaxın Şərqdə mövcudluğu azaltmaq amacı elə bir şərait yaratdı ki, burada ABŞ strateji fürsətlərə (Ərəb Baharı) və təhlükələrə (Putinin Avropada xəritəni dəyişdirməsi) cavab vermək iqtidarında deyildi,” Hiatt yazır. Tunisdə, Misirdə, Suriyada və ərəb dünyasının başqa guşələrində insanlar demokratiya şüarı ilə diktatorlara qarşı üsyana qalxanda Qərb II Dünya Müharibəsinin sonunda olduğu kimi Marşall Planı kimi bir planla çıxış edə bilər və regionun sifətini büsbütün dəyişdirməyə çalışa bilərdi. Hiatt yazır ki, əgər ABŞ bu məsələdə liderliyi ələ alsaydı, Avropa və Amerika birlikdə regionu müasir dünyaya inteqrasiya etmək üçün mühüm ticarət, investisiya və mübadilə imkanları təklif edə bilərdilər. “Amma Obama Misirdə və başqa ölkələrdə baş verənlərə, tarixi fürsət kimi yox, diqqətdən yayındırıcı olaylar kimi baxırdı. Qərb ürkək, qeyri-ardıcıl şəkildə cavab verdi və şans itirildi.”

Obamanın Avropada və Yaxın Şərqdə mövcudluğu azaltmaq amacı elə bir şərait yaratdı ki, burada ABŞ strateji fürsətlərə (Ərəb Baharı) və təhlükələrə (Putinin Avropada xəritəni dəyişdirməsi) cavab vermək iqtidarında deyildi.
Fred Hiatt

Obamanın Putinlə münasibətləri yenidənqurma ümidləri Kremlin demokratiyanı daxildə əzməsi və xaricdə təcavüzü artırması ilı çilik-çilik oldu. Putinin rus imperiyasını yenidən qurmaq istəyinə Qərbin strateji cavabı yox idi. Iraq və Suriyada da Ağ Evin gözləntiləri səhv çıxdı. ABŞ generallarının saxlamaq istədiyi 15 minlik kontingetin yoxluğu İraqın təriqətlərarası ixtilafa yuvarlanmasına yol açdı. Əl-Qaidanın hücumu qarşısında Amerikanın bir vaxtlara möhkəmləndirməyə çalışdığı kövrək ordu və dövlət mexanizmi darmadağın oldu. Suriyada Qərbin dəstəyini ala bilməyən mötdəil üsyançılar uduzmağa başladılar. Əsəd devrilmədi və radikal islamçılar mötədil müxalifətin yerini doldurmağa başladılar. Qəzzafinin devrildiyi Liviyada da oxşar deqradasiya yaşanmağa başladı. Orada vəziyyət elə bir təhlükəli səviyyəyə çatıb ki, ABŞ öz səfirliyini evakuasiya etməyə məcbur olub. “Obama hesab edirdi ki, o, ehtiyalı şəkildə ABŞ-ın qlobal liderlikdən çəkilməsini tənzimləyə bilər. Əvəzində isə xeyli təhlükəli bir dünya əmələ gəlib,” deyə Fred Hiatt ABŞ-ın etdiyi strateji seçimin bədələni önə çəkir.

Dünyanın ən qüdrətli və demokratik ölkəsi olaraq Yer kürəsinin istənilən yerində nəsə baş verəndə gözlər Amerikaya dikilir. Bəlkə elə bu səbəbdəndir ki, dünyada ən çox qınaq obyektinə məruz qalan da Amerika olur. Heç kəs Yaxın Şərqdə, Şimali Afrikada, Asiyada baş verənlərə görə Çini yaxud Rusiyanı qınamır. Amerika başqa standartlarla ölçülür. Bu həmin ölkədir ki, iki dünya müharibəsinə son qoyulmasında, Avropada və Asiyada demokratik düzənin meydana gəlməsində başlıca rol oynayıb. Necə deyərlər, uman yerdən küsərlər. Amerika yeganə ölkədir ki, dünyanın əksər guşələrində qan axıdılmasına son qoya biləcək əzici hərbi texnologiyaya, kəşfiyyat imkanlarına malikdir. Eyni zamanda Rusiya və Çindən fərqli olaraq Amerikada hökumət xalq qarşısında cavabdehdir və mütəmadi olaraq demokratik seçkilərdə dəyişilir.

Pax Romananın hüdudları, 96-cı il.
Pax Romananın hüdudları, 96-cı il.

Eramızın əvvəllərində Roma İmperiyası elə gücə malik idi ki, o dünyanın böyük bir hissəsində sülhün qarantına çevrilmişdi. Heç kimsə Roma İmperiyasının gücünü sınamağa cürət etmirdi. Onun himayəsində olanlar isə dinc həyat sürəcəklərinə əmin ola bilərdilər. Bir neçə əsri əhatə edən həmin dövrə Pax Romana – yəni Roma Sülhü deyilərdi. Müasir politoloqlar arasında İkinci Dünya müharibəsindən sonrakı dönəmi Pax Americana adlandırmaq uzun müddət dəbdə olub. Romanın dünyada sülhü təmin etdiyi kimi bəzi mütəxəssislər ABŞ-ın dünyada sülhü təminat altına aldığını iddia edirlər. Pax Americananın nə dərəcədə effektiv olub-olması debat mövzusu ola bilər. Aydın olanı isə budur ki, hər dəfə çoxlarının barmaq tuşlamağa, günahlandırmağa tələsdiyi Amerika öz qınına çəkiləndə, durum yaxşılaşmır. Əksinə olur.

XS
SM
MD
LG