Accessibility links

Bloq: D-Day


Hər il 6 iyunda Amerikada və Qərbi Avropada D-Day gününün ildönümü qeyd olunur. İkinci Dünya Müharibəsini yaşamış post-Sovet ölkələrində adamların əksəriyyəti bu günün əhəmiyyətindən bixəbərdir. Sovet təbliğat maşını illər boyu vətəndaşların beyinlərinə doldurmuşdu ki, Nasist Almaniyasının məğlub edilməsində yeganə rolu sovetlər oynayıb. Buna misal olaraq Kreml SSRİ-nin az qala 20 milyon qurban verdiyini vurğulayır və Qərb cəbhəsində döyüşlərin 1944-cü ilədək heç başlamadığına diqqət çəkirdi. Fakt budur ki, 1944-cü il, iyunun 6-da Fransanın şimal sahillərinə çıxan Qərb qüvvələri Adolf Hitlerin diz çökdürülməsində və ondan sonrakı Avropanın siyasi xəritəsinin formalaşmasında əvəzsiz rol oynayıblar.

Şiddətli atəş altında əsgərlərin ilk dalğası sahilə çıxır.
Şiddətli atəş altında əsgərlərin ilk dalğası sahilə çıxır.

İlk dəfə D-Day haqqında 1990-cı illərin əvvəllərində Pennsilvaniya ştatının Quakertown şəhərində Xatirə Günü paradında iştirak edərkən eşitmişdim. Orada yaşlı veteran həmin günü xatırlayarkən gözləri yaşardı. Çox sayda dostunun düşmən gülləsinə tuş gəldiyini, bir çoxlarının isə sadəcə suda batdığını, heç sahilə çata bilmədiklərini deyən ahil veteran həmin günün dəhşətlərinin ömür boyu onunla qaldığını deyirdi. Hərbi leksikonda sadəcə əməliyyat günü anlamına gələn D-Day (The Day of the Operation) başqa D-Day-lərdən xeyli fərqlənirdi. Bu gün təkcə Avropanın Nasist Almaniyasından azad edilməsi istiqamətində mühüm olay deyildi. Bu, həm də Azad Avropa ideyasının – Demokratik Avropanın doğum günü idi.

Omaha Amerika Məzarlığında 10,000-ə yaxın ABŞ əsgəri dəfn olunub.
Omaha Amerika Məzarlığında 10,000-ə yaxın ABŞ əsgəri dəfn olunub.

İyunun 6-da “Overlord” əməliyyatı kimi kodlaşdırılmış hücum əməliyyatında 156,000 ABŞ, Britaniya və Kanada əsgəri Fransanın nasistlər tərəfindən istehkamlanmış Normandiya sektorunda sahilə çıxdılar. 5,000 gəminin daşıdığı piyada qüvvələrinə havadan 11,000 təyyarə dəstək verirdi. Tarixin ən iri amfibioz əməliyyatı sayılan hücum 80 kilometr məsafəni və beş çimərliyi əhatə edirdi. Hücum günündə 2,000 ABŞ əsgəri daxil olmaqla 4,000 müttəfiq əsgəri həlak oldu və minlərlə daha çox adam yaralandı. Şimal sahillərinin tam nəzarət altına alınması təqribən bir həftə vaxt apardı. Bu müddət ərzində Fransaya 326 min müttəfiq əsgəri, 50,000 hərbi texnika və 100.000 ton ləvazimat daxil oldu.

Qərb müttəfiqləri bir neçə ay ərzində Fransanı və ətraf ölkələri nasistlərdən təmizləyib Almaniyaya daxil oldular. Burada, Elba çayında şərqdən gələn Sovet qüvvələri ilə görüşən Qərb müttəfiqləri D-Day gününün ildönümü tamam olmamış, Üçüncü Reyxə son qoydular. Həmin bir il ərzində almanlarla döyüşlərldə minlərlə müttəfiq əsgəri həlak oldu. Bu gün əməliyyatın keçirildiyi Omaha sahilindən bir qədər aralıda Normandiyanın Amerika Qəbiristanlığında 9,300 Amerika əsgəri uyuyur. Bu məzarlar Amerika ilə Azad Avropa arasındakı tarixi vəhdətin mühüm bir irsini təşkil edir.

Qərb müttəfiqlərinin İkinci Dünya Müharibəsindəki rolunu bir neçə amillə səciyyələndirmək olar. Birincisi, sırf hərbi baxımdan, müttəfiqlərin qərb cəbhəsi açması müharibənin son ilində milyonlarla sovet vətəndaşının həyatını xilas etmiş oldu. Sovet rəhbərliyindən fərqli olaraq Qərb dövlətləri düşmənə qarşı hərbi əməliyyatlarda insan dalğalarından istifadə etmirdi. İkincisi, Avropanın Qərb müttəfiqləri tərəfindən azad edilən hissələrində demokratiya quruldu ki, bu da sonradan totalitar Sovet rejiminə qarşı müharibədə həlledici rol oynadı. Sovet istibdadı altında inləyən polşalılar, çexlər, macarlar, rumınlar və almanlar üçün Almaniya Federativ Respublikası, Fransa və İtaliya kimi ölkələr dəyərli siyasi quruluş örnəyi idilər. Üçüncüsü, Qərb müttəfiqləri nasizmin məğlub edilməsində Sovet İttifaqına “Lend-Liz” proqramı çərçivəsində milyardlarla dollar həcmində material yardım verdilər ki, bunlarsız, kommunist dövlətin alman hücumu qarşısında tap gətirməsi qeyri-mümkün olardı. Dördüncüsü, II Dünya Müharibəsində təhlükənin mənbəyi təkcə Nasist Almaniyası yox, həm də militarist Yaponiya idi ki, onunla müharibə aparan ABŞ Sovet İttifaqına məhdud resurslarını qərb cəbhəsinə tam yönəltmək imkanı bəxş etdi.

1961-ci ildə Berlin Divarı tikilənədək çox sayda almanlar şəhərin Sovet sektorundan Amerika sektoruna daxil olaraq kommunist diktaturasını tərk edə bilirdilər.
1961-ci ildə Berlin Divarı tikilənədək çox sayda almanlar şəhərin Sovet sektorundan Amerika sektoruna daxil olaraq kommunist diktaturasını tərk edə bilirdilər.

Bugünkü beynəlxalq düzən haqlı olaraq post-müharibə düzəni adlanır. Belə ki, D-Day-in əhəmiyyətli yer aldığı hərbi əməliyyatlar ondan sonrakı 70 ildə dünya siyasətinin trayektoriyasını müəyyən etmiş oldu. Ondan sonra çox şeylər oldu: BMT-nin yaranması, Soyuq Müharibə, Çində və Şimali Koreyada kommunizmin təntənəsi, Kuba raket böhranı, Vyetnam müharibəsi, Sovet İttifaqının süqutu… Baş verənlərə ayrı-ayrı tarixi olaylar kimi baxmaq olar. Amma əslində onlar qlobal miqyasda demokratiya ilə totalitarizm arasındakı epik mücadilənin müxtəlif səhnələri idi. O mücadilə bu gün də davam edir – 1944-cü il, 6 iyunda başlanan mücadilə.


XS
SM
MD
LG