Accessibility links

Ceyms Varlik: Atəşkəsin pozulması sülh səylərini əngəlləyir


James Warlick
James Warlick
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 24 yanvarda Parisdə keçirdikləri görüşdən qayıtmış ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Varlik Amerikanın Səsinin erməni xidmətinə müsahibə verib. Müsahibədə ABŞ elçisi sülh danışıqlarının gedişatı haqda məlumat vermiş və son günlər cəbhədə atəşkəsin tez-tez pozulmasını şərh etmişdir.

“Mən inanıram ki, tərəflər dinc həll yolu tapmaqda maraqlıdırlar və bu həvəsləndirici haldır. Problem ondadır ki, hərəkətlər sözlərə uyğun gəlmir. Biz indi zorakılıqlarda eskalasiya müşahidə edirik,” deyə Ceyms Varlik bildirib. Amerikalı vasitəçinin sözlərinə görə ötən il noyabın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin görüşünədək təmas xəttindəki durum sabit idi.

Cənab Varlik qeyd edib ki, təmas xəttində zorakılıqların baş verməməsi danışıqlar üçün konstruktiv şərait yaradır və danışıqlarda irəliləyişə yol açır. “Biz atəşkəsin pozulmasından narahatıq, çünki baş verənlər sülhə nail olmaq səylərimizi əngəlləyir. Bizə elə bir atmosfer lazımdır ki, orada irəliləyiş əldə etmək mümkün olsun,” deyə cənab Varlik bildirib.

Tərəfləri eskalasiyaya gətirib çıxaran ritorikadan uzaq durmağa səsləyən ABŞ elçisi yaxın zamanlarda ATƏT Minsk Qrupunun başqa həmsədrləri ilə birgə regiona qayıdacağını söyləyib. Onun sözlərinə görə vasitəçilərin başlıca vəzifəsi tərəflər arasında sülh üçün siyasi iradəni gücləndirməkdir. Bunun üçünsə hər iki tərəf zorakılıqlardan çəkinməlidir.

Cənab Varlik əmin olduğunu bidirib ki, həm Azərbaycan həm də Ermənistan prezidentləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə sadiqdirlər.
XS
SM
MD
LG