Accessibility links

Parçalanmış toplum - Kürəsünni türkləri [Audio]


Oqtay Aslantaş
Oqtay Aslantaş
“Türkiyənin Van şəhərində yaşayan kürəsünni türklərinin əhalisi azalmaqdadır, ancaq onlar hələ də siyasi baxımdan öz önəmli mövqe və çəkilərini qoruyub,” deyə Oqtay Aslantaş Amerikanın Səsinə müsahibədə bildirib. Kürəsünnilər veb səhifəsinin redaktoru ötən əsrdən bəri İranın Qərbi Azərbaycan vilayətindən Türkiyəyə köçmüş kürəsünni türklərinin ictimai-siyasi həyatı, habelə Türkiyə və Qərbi Azərbaycan vilayətində yaşayan kürəsünnilər arasındakı əlaqələr haqda danışıb.

Oqtay Aslantaş Kürəsünni türkləri haqda danışır
please wait

No media source currently available

0:00 0:12:29 0:00
Direct link

Türkiyəyin Van şəhərində dünyaya gəlmiş Oqtay Aslantaş ailəsinin əslən Salmasın Şəkəryazı və Vərdan kəndlərindən olduğunu deyir. Onun dediklərinə görə, sərhədin iki tayında yaşayan kürəsünnilər aralarında olan qohumluq bağlarını hələ də qoruyub.

Beynəlxalq insan haqları qruplarına istinadən, sünni məzhəbinə mənsub olduqları üçün İranda həm etnik həm məzhəbi ayrıseçkiliyə məruz qalan kürəsünni türkləri əsasən Qərbi Azərbaycan vilayətinin Salmas, Urmiyə, Xoy, Makı, Üşnü və Xana şəhərləri, eləcə də həmin şəhərlərdə yerləşən kürəsünnilərə məxsus kəndlərdə yaşayırlar. Kürəsünni adı tədricən bölgədə yaşayan kürəsünni tayfasından olmayan digər sünni türklərə də verilib.

Amnesty International 2011-ci ildə yaydığı bəyanatında, Qərbi Azərbaycanda yaşayan sünni türkləri, bəluçlar və Əfqanıstan vətəndaşları ilə birlikdə İranda ən çox edam riski ilə üzləşən azlıq cəmiyyətlər olaraq göstərib.

Kürəsünnilər əşirət sistemi ilə yaşamır, elə buna görə də Vanda yaşayan kürəsünnilərə öndərlik edən bir lider yoxdur.
Oqtay Aslantaşın dediklərinə görə, Qərbi Azərbaycandakı qohumlarının zülm və ayrı-seçkiliyə məruz qalması Türkiyə kürəsünnilərini narahat edir.
Qərbi Azərbaycanın sünni türklərinin bir çoxu xüsusilə Birinci Dünya Müharibəsindən sonra kollektiv şəkildə Türkiyəyə köçməyə başladılar. Onların əksəriyyəti Van ili və ilçələrində kürəsünnilərə məxsus kəndlər və məhəllələrdə yaşayır. Cənab Aslantaşın sözlərinə görə, bəzi kürəsünnilər isə Vandan Türkiyənin başqa bölgələri o cümlədən Mersin, Bursa, İstanbul, Ankara və Adanaya köçüblər.

Kürəsünnilər saytının təsisçisinin sözlərinə görə, Vanda yaşayan kürəsünniləri bir araya gətirən adətən qohumluq bağları və kültürəl yaxınlıqdır. “Kürəsünnilər əşirət sistemi ilə yaşamır, elə buna görə də Vanda yaşayan kürəsünnilərə öndərlik edən bir lider yoxdur,” deyə vanlı mədəni fəal vurğulayır.

“Bəziləri kürəsünnilərə Əcəm deyir, bu doğru bir adlandırma deyil. Kürəsünnilər özbəöz türkdür,” deyə vurğulayan Oqtay Aslantaş məşhur kürəsünni şair və bəstəkar, mərhum aşıq Bəhlulun bu haqda söylədiyi şeirə işarə edir:
...
Əcəmlər kürd deyər, kürd əcəm sayar
Hansı harda tutdu orada soyar
Ədalət şah olsa, bir qanun qoyar
Deməz ki, arada öl Kürəsünni ...


Cənab Aslantaşın sözlərinə görə, Van ilində kürəsünni türklərinin əhalisi azalmağa başlayıb. Ancaq, o, eyni zamanda kürəsünni cəmiyyətinin hələ də öz siyasi önəmini qoruduğunu söyləyir:

Kürəsünni cəmiyyəti yaxındakı bələdiyyə seçkilərinə hazırlaşır. Xüsusilə kürəsünnilərin sıx yaşadığı Tuşba bölgəsində bələdiyyə seçkilərini qazanmaq üçün hazırlıq aparılır.
“Ötən illərdə kürəsünnilər Türkiyə Böyük Millət Məclisinə iki nümayəndə göndərməyi bacarıblar. Hazırda TBMM-də kürəsünni millət vəkili yoxdur, ancaq cəmiyyətin həm İl Gənəl Məclisi həm də Bələdiyyə Əncümənində təmsilçisi var.”

Onun sözlərinə görə, kürəsünnilərin bir çoxu millətçi siyasi görüşünə yaxındır. Onlar ümumən MHP və AKP kimi partiyalara səs verir. “Kürəsünni cəmiyyəti yaxındakı bələdiyyə seçkilərinə hazırlaşır. Xüsusilə kürəsünnilərin sıx yaşadığı Tuşba bölgəsində bələdiyyə seçkilərini qazanmaq üçün hazırlıq aparılır,” deyə cənab Aslantaş əlavə edir.

Türkiyə mediasına istinadən, 2011-ci ilin oktyabrında Vanda baş verən faciəli zəlzələ zamanı kürəsünni kəndləri ən çox zərər görən kəndlərdən olub. Oqtay Aslantaşın sözlərinə görə, “kəndlərdən əlavə Van Mərkəzdə kürəsünnilərin yaşadığı binaların bir çoxu çökdü. Buna görə də, zəlzələdən sonra kürəsünni türklərinin həyat keyfiyyəti düşüb.”

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG