Accessibility links

Cəmil Həsənli Amerikanın Səsinin rəhbəri ilə görüşdü


Cəmil Həsənli və Deyvid Ensor
Cəmil Həsənli və Deyvid Ensor
Milli Şuranın 2013-cü il president seçkilərində namizədi Cəmil Həsənli Vaşinqtonda Amerikanın Səsinin direktoru Deyvid Ensorla görüşüb. Görüşdə Azərbaycanda seçkidən sonrakı siyasi atmosfer və müstəqil mətbuatın durumu müzakirə olunub.

Amerikanın Səsinin direktoru Deyvid Ensor 1993-cü ildə ABC teleşirkətinin jurnalisti qismində Azərbaycanda olduğunu söyləyib. O, Qarabağ müharibəsi zamanı hərbi təmas xəttindəki təcrübəsindən danışıb. Azərbaycanın Amerikanın Səsi üçün mühüm auditoriya olduğunu qeyd edən cənab Ensor xəbər yayımında demokratiya və azadlıq dəyərlərinə önəm verildiyini vurğulayıb.

Cəmil Həsənli Azərbaycanda seçkidən sonrakı siyasi durumun gərgin olduğunu bildirib. Səsvermədə kütləvi saxtakarlıq hallarının baş verdiyini bildirən cənab Həsənli Azərbaycanda avtoritar rejimin mövcud olduğunu və bu rejimin müxalifəti həbs və təqiblərlə susdurmağa səy göstərdiyini qeyd edib.

Amerikanın Səsinin direktoru Deyvid Ensor Cəmil Həsənliyə ofisindən Kapitolinin görünüşünü göstərir
Amerikanın Səsinin direktoru Deyvid Ensor Cəmil Həsənliyə ofisindən Kapitolinin görünüşünü göstərir
Müstəqil mətbuatın durumuna gəlincə, cənab Həsənli Azərbaycanda bütün televiziya və radio stansiyalarının İlham Əliyev hökumətinin nəzarətində olduğunu bildirib. O, əlavə edib ki, Azərbaycanda hazırda mövcud olan iki müstəqil mətbuat orqanı – AzadlıqYeni Müsavat qəzetləri hökumətin sərt basqıları ilə üzləşir.

Amerikanın Səsinin totalitar Sovet rejiminin süqutunda müstəsna rolunu qeyd edən Cəmil Həsənli hələ Soyuq Müharibə dönəmində Amerikanın Səsinin proqramlarını izlədiyini söyləyib. O, avtoritarizmə qarşı mübarizədə müstəqil xəbər mənbələrinin əhəmiyyətindən danışıb, və əlavə edib ki, Azərbaycanda gənc nəsil xəbərləri müstəqil mənbələrdən almaq üçün internetdə sosial şəbəkələrdən geniş istifadə edir.
XS
SM
MD
LG