Accessibility links

Tıraxtur oyununda həbs edilən fəallara işgəncə verildiyi haqda xəbərlər verilir



“Sentyabrın 12-də Təbrizin Traktorsazi və Ənzəli şəhərinin Mələvan komandaları arasındakı futbol matçı zamanı Təbriz stadionunda həbs edilən güneyli gənclər, o cümlədən Fərzad Məhdəvi (Altay) və Hüseyn Əli Məhəmmədi təhlükəsizlik məmurları tərəfindən ağır şəkildə döyülərək işgəncə ediliblər,” deyə Azərbaycan veb səhifələri bildirir.

AZOH saytının yaydığı məlumata istinadən, sentyabrın 12-də İran polisinin Ettelaat qurumu tərəfindən nəzarət altına alınan 15 nəfərdən artıq Tıraxtur tərəfdarı sorğu-suala çəkildikdən sonra ertəsi gün zəmanətlə müvəqqəti olaraq sərbəst buraxılıb.

Oyan News veb səhifəsi isə fəallar Fərzad Məhdəvi və Hüseyn Əli Məhəmmədiyə işgəncə verildiyi ilə bağlı təfərrüatlı məlumat verib. Bununla yanaşı cənab Məhdəvinin bədənində işgəncə əlamətlərinə işarə edən şəkillər nəşr edilib.

Məlumata istinadən, Fərzad Məhdəvi Təbrizin Saib bölgəsindəki Ettelaat həbsxanasında məmurlar tərəfindən döyülərkən başı divara dəyib və o huşunu itirib.

Cənab Məhdəvi mədəni fəaliyyətləri ilə bağlı daha öncə də həbs və mühakiməyə məruz qalıb. O, 2011-ci ilin avqust ayında 28 başqa fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsindəki bir evdə Urmiyə gölünün quruması məsəilə ilə əlaqədar toplantı keçirərkən həbs edilmişdi. Milli fəal daha sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən dörd ay qəti və əlavə olaraq 20 ay şərti həbsə məhkum edilib.
XS
SM
MD
LG