Accessibility links

Bloq: Xalqa Rüşvət


Ərəb Baharının maraq cəlb edən xüsusiyyətlərindən biri onun körfəz ərəb dövlətlərindən əsasən yan keçməsidir. Bəhreyni çıxmaq şərtilə monarxiya üsuli idarəsinə malik heç bir ölkədə ictimai narazılıq dalğası inqilab həddinə çatmayıb. Bəziləri bunu monarxiyaların daha varlı olması, digərləri isə kralların öz təəbələrinin səsini daha çox eşitməsi ilə izah edirlər. Elizabeth Dickinsonun yazdığına görə isə körfəz dövlətlərində inqilabın baş verməməsinə əsas səbəb xalqın əhəmiyətli kəsiminin nəhəng dövlət müavinətləri ilə ələ alınmasıdır. Bir sözlə, hakimiyyət dairələri xalqı sakitləşdirmək üçün müxtəlif növ dövlət proqramları şəklində ona rüşvət verərək qazan üztə qapağı saxlayırlar.

“Ərəb Baharı həm ilhamverici, həm də ağrılı olub. Amma o nisbətən dinc körfəz ölkələrində həm də çox bahalı olub,” Elizabeth Dickinson “The New Republic” məcmuəsində yazır. Müəllifin sözlərinə görə 2010-cu ildə Tunisdə xalq üsyanı başlandıqdan bəri körfəz hökumətləri xərclərini azı 20 faiz artırıblar. Varlı hökumətlər vətəndaşlara ev, kredit və başqa növ müavinətlər verməklə onların könlünü almağa çalışır. Kralların səxavəti təkcə öz xalqları ilə məhdudlaşmır, həmçinin xaricdə dəstəklədikləri yeni hökumətlərə də şamil olunur. Belə ki, iyuldan bəri üç körfəz dövlətinin təkcə Misirə verdiyi maliyyə yardımı 12 milyard dollar təşkil edir.

Ortada maraqlı faktlar var. Səudiyyə Ərəbistanında Kral Abdullah bu il 130 milyard dollar həcmində yeni sosial xərcləmə planı ilə çıxış edib. Yeni təkliflər paketinə minimum əmək haqqının artırılması da daxildir. Kral həmçinin 500,000 yeni ev tikilişinə və 60 min iş yerinin açılmasına göstəriş verib. Küveytdə növbəti 13 ay ərzində hər bir vətəndaşa ayda 3500 dollar və pulsuz ərzaq veriləcək. Bütün bunlar Küveyt əmirinə üst-üstə 5 milyard dollara başa gələcək. Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının borclarını bağışlamaq qərarına gəlib ki, bu məqsədlə adambaşı 1.36 milyon dollar limit müəyyən edilib. Nəinki regionda, bütün dünya miqyasında əhalisinin rifahına ən çox qayğı göstərən dövlət isə Qatardır. Burada hökumət səhiyyədən tutmuş, ev, təhsil və pensiyalaradək çox şeyi havayı və bol verir. Ötən aylarda dövlət qulluqçularının maaşları 60-120% civarında artırılıb. Son güzəştlər 2.75 milyard dollara başa gəlir. Hətta üsyanın qısa müddətə alışdığı və neft resurslarının azaldığı Bəhreyndə hökumət ümumilikdə maaşları 30 faiz qaldırıb. Bəzi müşahidəçilər burada üsyanın baş verməsini məhz neftin və onunla bərabər müavinətlərin azalması ilə əlaqələndirirlər.

Suriya prezidenti Bəşar əl-Əsəd

Hökumətlərin ictimai dəstəyi saxlamaq üçün müavinətləri artırması, xalqa imtiyazlar verməsi yenilik deyil. Hətta demokratik dövlətlərdə də siyasi xadimlər seçkilərdə xalqın dəstəyini qazanmaq üçün populyar təkliflərlə çıxış edir və bəzən xalqın ümumi rifahına və sağlam idraka zidd gedərək elektoratın müəyyən kəsimləri üçün imtiyazlar vəd edirlər. Demokratik ölkələrin monarxiyalardan, ümumən qeyri-demokratik rejimlərdən fərqi odur ki, günün sonunda xalq həqiqi seçim edə bilir və bu seçim periodik xarakter daşıyır. İqtisadi sektorda atılan addımlar müntəzəm siyasi debatın tərkib hissəsi olur. Amma həqiqi səsvermənin olmadığı məkanlarda bu növ addımlar islahatları yubatmaq, siyasi debatın qarşısını almaq üçün atılır. Hökmdarlar razıdırlar ki, xalqdan soyduqları pulun bir miqdarını onlarla paylaşsınlar, təki heç kim səsini çıxarmasın, təki var-dövlətin paylaşması qanunlara, toplumun real ehtiyaclarına yox, müstəbidin arbitrar iradəsinə uyğun qaydada həyata keçirilsin.

Tarix göstərir ki, istər monarxiya olsun, istərsə də tiraniya, xalqın iradəsinə əsaslanmayan hökumətlər daimi inqilab xofu ilə yaşamağa məhkumdurlar.

Sual doğuran başqa məqam odur ki, axı niyə körfəz dövlətlərinin atdığı addımları vaxtında Suriya, Misir yaxud Liviya liderləri ata bilmədilər. Maraqlıdır ki, inqilab dalğasının ən qanlı epizodları təkhakimiyyətliliyin konstitutsiyada təsbit olunduğu monarxiyalarda yox, dırnaqarası respublikalarda və qondarma cəmahiriyyələrdə baş verdi. Yunan filosofu Aristotel hələ eramızdan əvvəl IV əsrdə müşahidə etmişdi ki, hökumət formalarına gəldikdə oturuşmuş monarxiyalar tiraniyalardan daha üstün siyasi quruluş olurlar. Belə ki, monarxiyalarda hakimiyyətdə olan qüvvələr hakimiyətə təkcə varlanmaq üçün fürsət kimi yox, xalq qarşısında ilahi bir missiya kimi baxırlar: “Tiraniya monarxiyanın təhrif olunmuş formasıdır. Hər ikisi tək adamın hakimiyyətidir, amma onlar xeyli dərəcədə fərqlidirlər. Tiran yalnız öz maraqlarını güdür, kral isə öz təəbələrinin.” Hər halda Suriyada Bəşar əl-Əsədin öz xalqına münasibəti ilə Qatar əmirinin xalqına münasibətləri arasında təzadı anlamağa çalışanda Aristotelin dedikləri məna kəsb edir. O da faktdır ki, Misirdə, İraqda və Suriyada kralı devirib hakimiyyətə gələn Nasirlər, Səddamlar, və Əsədlər xalqlarına zülmdən başqa bir şey verməyiblər. Amma tarix göstərir ki, istər monarxiya olsun, istərsə də tiraniya, azad xalqın iradəsinə əsaslanmayan hökumətlər daimi inqilab xofu ilə yaşamağa məhkumdurlar.

XS
SM
MD
LG