Accessibility links

Tikantəpədə türklərə basqılar başlayıb


Ötən ay ərzində İranın Qərbi Azərbaycan vilayətində rəsmi adı Tekab, amma əhalinin Tikantəpə adlandırdığı şəhərdə milli fəallar və türk dilində reklam vərəqələri yayan dükan sahiblərinə qarşı basqıların kəskin artdığı bildirilir.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata əsasən Vahid Sədri, Yasir Sədri, Hadi Lütfi, Əli Hidayəti, Vəhid Həzrəti, Yədulla Dəşti (Elman), Rəzzaq Qədiri, Milad Məliki, Ramin Rizayi, Əli Ocağı və Beytullah Rizayi, Təhlükəsizlik Nazirliyi Tikantəpə şöbəsinə çağırılaraq, sorğu-suala çəkiliblər. Çağırılanlardan bir neçəsinin saxlandığı bildirilir.

“Ettelaat məmurları milli fəallar Yədulla Dəşti, Əli Hidayəti və Ramin Rizayinin evinə hücum edərək, türkcə kitablar, kompüterlər və cib telefonlarını müsadirə ediblər. Hər üç fəal Qoşaçay (Miyandab) şəhərinin Ettelaat həbsxanasına göndərilərk, üç gecə sorğu-suala çəkildikdən sonra 50 milyon tümən zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar,” deyə Günaz TV veb səhifəsi bildirir.

Xəbər saytları həmçinin iş yeri üçün türk dilində reklam vərəqələri çap edib yaydığına görə, Yakamoz adlı bərbərxananın rəsmilər tərəfindən bağlandığını yazıblar.

Yerli fəallar təzyiqlərin çoxalmasının Təhlükəsizlik Nazirliyi Tikantəpə şöbəsi rəhbərliyinin dəyişilməsi ilə bağlı olduğunu qeyd edirlər.
XS
SM
MD
LG