Accessibility links

Mübariz Qurbanlı: YAP-ın namizədi, prezidentimiz cənab İlham Əliyev olacaq


Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı

“Prezident Əliyev bütün göstəricilərinə görə, Azərbaycan xalqını arxasınca aparmağa qadir liderdir”. YAP icra katibi iqtidar müxalifət münasibətləri, İctimai Palata ilə görüş perspektivindən danışıb.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının Amerikanın Səsi radiosuna müsahibəsində ölkədəki dialoq mühiti, iqtidar müxalifət münasibətləri, 2013-cü il prezident seçkiləri ilə bağlı məsələlərə toxunulub. “YAP-ın 2013-cü il prezident seçkilərində namizədi, partiyamızın sədri, prezidentimiz cənab İlham Əliyev olacaq və bu müzakirə mövzusu deyil”.

YAP icra katibinin müavini Mübariz Qurbanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:11:05 0:00
Direct link

Sual: Azərbaycanda iqtidarla müxalifət arasında dialoq təşəbbüsü nə dərəcədə realdır?

Cavab: Birincisi, dialoq mühiti olan cəmiyyətdə dialoqa çağırışlara ehtiyac varmı? Məsələn, qərb ölkələrində, demokratik cəmiyyətlərdə dialoq mühiti olduğuna görə bu çağırışlara ehtiyac duyulmur. Hər kəs siyasi fikrini açıq şəkildə ifadə edir, o cümlədən KİV-də, televiziyalarda, radiolarda, qəzetlərdə, elektron vasitələrdə, sosial şəbəkələrdə fikrini ictimaiyyətə çatdıra bilir. Qarşı tərəf də həmin tezislərə uyğun öz tezislərini irəli sürür. Həmçinin debatlar, seçki debatları olur. Ona görə də, bu cəmiyyətlərdə dialoqa çağırış terminindən istifadə olunmur. Bu səbəbdən, mən suala sualla cavab verirəm. Azərbaycanda bu gün azad mətbuatın, azad televiziyanın, eyni ilə də internetin azad və sərbəst olduğu bir vaxtda siyasi qüvvələrin dialoquna çağırışın arxasında nə və kimlər dayanır? Müxalifət qəzetlərində öz sözünü deyir, biz də öz qəzetlərimizdə sözümüzü deyirik, İctimai televiziyada müxtəlif mövzular ətrafında debatlar keçiririk. Əgər, dialoq adı altında geridə qalmış, vətəndaş müharibəsinin getdiyi ölkələr səviyyəsində çağırışlar varsa, mən bunun tərəfdarı deyiləm. Bu dialoqa çağırış qərb baxışında Azərbaycanla bağlı yanlış təsəvvür yarada bilər. Məsələn, siyasi qüvvələri Əfqanıstanda, Sudanda, Somalidə, Afrikanın digər problemli ölkələrində dialoqa çağıra bilərlər. Çünki bu regionlarda mərkəzi hakimiyyət yoxdur, ölkələr parçalanıb, müxtəlif silahlı qruplaşmalar var, siyasi qüvvələr arasında dartışmalar sözdən silaha keçib və s. Azərbaycanda bu gün cəmiyyət dialoq mühitindədir. Cəmiyyətdəki bütün qüvvələrin fikir mübadiləsi aparması üçün hər cür məkan var. Burada söhbət siyasi qüvvələrin bir araya gələrək müxtəlif mövzular ətrafında müzakirələr açmasından gedirsə, Yeni Azərbaycan Partiyası istənilən mövzuda, istənilən mükaliməni, istənilən dəyirmi masanı təşkil etməyə və ya təşkil edilən dəyirmi masalarda iştirak etməyə hazırdır. Yox, əgər radikal müxalifətin bəzi yazarları, yaxud bəzi siyasətçiləri dialoq adı ilə dövlət başçısı ilə müxalifətdə olan hansısa bir nümayəndənin bir masa arxasında oturmasını düşünürsə, bu dialoq olmur, hansısa bir görüş olur. Ona görə də dialoq mühiti olan cəmiyyətdə dialoqa çağırış, sözün əsl mənasında bir qədər məntiqsiz görünür. Dialoq deyəndə nəyi nəzərdə tuturlar, nə dialoqu, hansı mövzunun müzakirəsi, bunlardan söhbət gedirsə biz hazırıq.

Sual: Hər halda dialoq, görüş çağırışı Prezident Administrasiyasının rəsmiləri tərəfindən irəli sürülüb. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə belə görüş artıq keçirilib və görüşlərin davam etdiriləcəyi bəyan edilib. YAP bu görüşlərin təşəbbüsçüsü ola bilərmi? Görüşlər nə vaxt ola bilər?

Cavab: Bəli, siz deyirsiniz Prezident Administrasiyasından belə çağırışlar edilib. Burada da söhbət görüşlərdən gedir. Dialoq o deməkdir ki, hansısa mövzu var, onu müzakirə etmək lazımdır. Biz, YAP olaraq müxtəlif tədbirlər keçiririk və müxtəlif partiyaları dəvət edirik. Onlarla müzakirələr aparıb müxtəlif bəyanatlar qəbul edirik. Bizim qapılar açıqdır, kim nə vaxt istəyir gəlsin, onunla söhbət edə bilərik, müzakirə apara bilərik. Qarşı tərəf dialoq nəyə deyir, nə demək istəyir, onu mənə izah etsin. Görüşmü istəyir buyursunlar, danışmaqmı istəyirlər buyursunlar. Amma, mən dialoq-dialoq deyərək Azərbaycanda ictimai rəyi istismar etməyin əleyhinəyəm.

Sual: Yeni Azərbaycan Partiyası özünə müxalif kimi kimləri nəzərdə tutur? Radikal müxalifətimi, qeyri radikal müxalifətimi?

Cavab: Bu gün biz prezident idarə-üsuluna mənsub ölkəyik. Yəni, dövlətimiz prezident idarə-üsulu ilə idarə olunur. Prezident, parlament, məhkəmə hakimiyyət bölgüsü prinsipi var. Azərbaycanda bu gün prezident İlham Əliyevin siyasətini tənqid edən, bu siyasətlə razılaşmayan və öz fəaliyyəti ilə bu siyasətin əleyhinə çıxaraq başqa fikriləri ortaya qoyan istənilən siyasi təşkilat bizim üçün müxalifət sayılır. Parlamentdə YAP-la bərabər on siyasi partiya fəaliyyət göstərir. YAP-la eyni platformada dayanmayaraq, həmrəylik nümayiş etdirməyərək təkliflərimizin əleyhinə səs verən partiyalar bizim nəzərimizdə müxalifət partiyalarıdır.

Sual: YAP İctimai Palatanı, o cümlədən bu quruma daxil olan Müsavat və Xalq Cəbhəsi Partiyalarını özünə müxalifət hesab edirmi?

Cavab: YAP üçün Azərbaycan cəmiyyətində bizim siyasətlə barışmayan hər bir siyasi qüvvə, siyasi partiya müxalifət hesab olunur. İctimai Palata adlanan qurumda olan ayrı-ayrı partiyalar və onların nümayəndələri də çox azlıqda olmasına, sosial dayaqlarının zəif olmasına baxmayaraq bizə qarşı çıxış etdiklərinə, bizim siyasətimizə qarşı təbliğat apardıqlarına görə təbii ki, müxalifət sayılır.

Sual: Yeni Azərbaycan Partiyası İctimai Palata ilə və ya bu quruma daxil olan Müsavat və ya Xalq Cəbhəsi partiyası ilə hər hansı bir məsələni müzakirə etməyə hazırdırmı?

Cavab: Biz istənilən partiya ilə görüşə bilərik. Azərbaycanda 40-dan çox siyasi partiya qeydiyyatdan keçib, o cümlədən İctimai Palata adlanan qurumda olan siyasi partiyaların nümayəndələri də müraciət etsələr onlarla da görüşərək hansısa məsələ ətrafında fikir mübadiləsi edə bilərik. Bununla əlaqədar bir problem də görmürəm. Vaxt olub ki, orada təmsil olunan partiyaların nümayəndələri ilə müxtəlif müzakirələrdə birgə olmuşuq.

Sual: YAP-ın prezidentliyə namizədi kim olacaq? Çünki, “Yeni Müsavat” qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin prezidentliyə namizədliyinin irəli sürüləcəyini yazmışdı?

Cavab: YAP-ın 2013-cü il prezident seçkilərində namizədi, partiyamızın sədri, prezidentimiz cənab İlham Əliyev olacaq və bu müzakirə mövzusu deyil. O ki, qaldı bəzi mətbuat orqanlarında guya 2013-cü ildə başqa şəxsin namizəd olacağı barədə fikirlərə, bunlar yalnız və yalnız həmin mətbu orqanlar və onların arxasında duranların uydurmasıdır. Burada məqsəd yalnız və yalnız bir təxribat xarakterli tezis ortaya qoymaqla fikri yayındırmaqdır. Əslində, bu gün radikal qanadın gələcək seçkilərdə namizədi ilə bağlı böyük problemi var, qarşıdurma var və onlar da öz tərəflərində olan problemi iqtidarın da tərəfinə keçirmək üçün bu cür yalan informasiyaları yaymaqdadırlar.

Sual: Gəlin etiraf edək ki, demokratik dünyada bir şəxsin iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürməsi o qədər də müsbət qarşılanmır. O cümlədən, Rusiyada da belə addım atmadılar.

Cavab: Mən hesab edirəm ki, istənilən demokratik ölkədə ali icraedici hakimiyyətin nümayəndəsinin uzun müddət ölkəni idarə etməsində heç bir problem yoxdur. Avropanın istənilən ölkəsində parlament idarə üsuludur və orada baş nazir vəzifəsini uzun illər bir şəxsin daşıdığı haqqında kifayət qədər misallar gətirmək mümkündür. Hətta Uinston Çörçilin zamanında on ildən yuxarı, on beş il siyasi hakimiyyətdə olduğu barədə misallar gətirə bilərik. O ki, qaldı prezident vəzifəsinə bir şəxsin namizədliyinin iki dəfədən artıq irəli sürülməməsi məsələsinə, Azərbaycanda belə məhdudiyyət yoxdur. Ona görə də prezidentliyə namizəd kimi cənab İlham Əliyevin irəli sürülməsi tamamilə qanunauyğundur və Azərbaycan konstitusiyası ilə heç bir ziddiyyət təşkil etmir.
ABŞ-da zamanında Corc Vaşinqton belə bir ənənə olub. Baxmayaraq ki, Vaşinqtonun üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək istəyirdilər, amma səhhəti ilə bağlı buna getmədi. Amma, Amerikada Ruzvelt dörd dəfə prezident seçilib. Sonra isə qanun şəklini alıb və iki dəfədən artıq namizəd irəli sürülməyib. Elə ölkələr də var ki, orada icraedici hakimiyyətin başçısının uzun müddət hakimiyyətdə qalması pis qarşılanmır.
Bu gün, prezident İlham Əliyev bütün göstəricilərinə görə, Azərbaycan xalqını arxasınca aparmağa qadir liderdir. Belə bir liderin gənc yaşda siyasətdən kənarda qalması anormal ola bilər. 51 yaşında şəxs dövləti bu səviyyəyə çatdır, inkişaf etdir, dünya miqyasında, dövlət başçıları içərisində böyük nüfuzun olsun, özün çəkil kənarda dur. Əlbəttə, bu yolverilməzdir.
O ki, qaldı bəzi ölkələrdə namizədlərin yerdəyişməsi ilə bağlı edilən hərəkətlərə, hesab edirəm ki, bunun özü də kənardan o qədər yaxşı görünmür. Ən yaxşısı düz yolla getməkdir və hər şeyi açıq şəkildə etməkdir. Ona görə də biz nəyisə gizlətmək tərəfdarı deyilik. Prezidentliyə namizədimiz cənab İlham Əliyev olacaq. Kənarda kim nə deyir, desin, onun müəyyən qədər bizim üçün onun müəyyən dərəcədə təsiri ola bilər. Amma, bizim üçün həlledici xalqın, vətənin taleyidir.

Sual: Bir çox siyasi dairələrdə Azərbaycanın parlamentli respublika olacağı ilə bağlı şayiələr dolaşmaqdadır? Bu ehtimallar nə qədər realdır?

Cavab: Azərbaycan müstəqilliyini bərpa edərək 20 il ərzində xeyli inkişaf edib. Bununla yanaşı, biz müəyyən problemlərlə üz-üzəyik, o cümlədən Ermənistan tərəfindən təcavüzə məruz qalmışıq, 20 faiz ərazimiz işğal altındadır. İndiki şəraitdə prezident üsul-idarəsi bizim üçün daha məqbul bir variantdır. Parlamentli respublika ilə prezidentli respublika arasında diskussiyalar açmaq olar. Ancaq, hazırki şəraitdə əhatəmizdə gedən proseslər, o cümlədən milli maraqlarımız tələb edir ki, Azərbaycanda hakimiyyət möhkəm əllərdə olsun və ölkə liderin siyasi iradəsi və xalqın onunla həmrəyliyi şəklində davam etsin. Bu baxımdan prezident idarə-üsulu əlverişlidir və biz bunun tərəfindəyik. O ki qaldı diskussiyalara və fikirlərə bunu yasaqlamaq mümkün deyil. Amma, YAP ölkənin idarə üsulunun və onun formasının dəyişilməsinə tərəfdar deyil. Bu gün prezident idarə-üsulu özünü doğruldur və bu yolla getməliyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG