Accessibility links

Ukrayna MSK-nın rəsmisi: "Seçki məntəqələrində kameraların təcili quraşdırılmasını dəstəkləmirəm"


Ukraynada qarşıdan gələn parlament seçkiləri hazırki hökumət və dövlət üçün böyük sınaq hesab edilir. Rəsmi Kiyev seçkilərə nəzarət etmək üçün beynəlxalq müşahidəçilər dəvət edib və Birləşmiş Ştatlar, o cümlədən Avropa Birliyi seçkilərin azad və ədalətli keçirilməli olduğunu vurğulayıb. Seçkilərin necə keçirilməsi və nəticələr bir növ Ukraynanın Avropaya inteqrasiya imkanlarını müəyyən edəcək.

Radaya seçkilərin Ukrayna üçün mühüm əhəmiyyətini nəzərə alan Vaşinqtondakı Karnegi Fondu “Ukrayna: Qarşıdan gələn seçkilərə yaxından baxış” mövzusunda dəyirmi masa keçirib. Moderatoru Karnegi Fondunun Rusiya və Avrasiya Proqramının direktor müavini Metyu Rojanski olan müzakirələrin əsas qonağı Ukraynadan səfər etmiş Mərkəzi Seçki Komissiyasının üzvü Mixaylo Ohendovski idi.

Karnegi Fondunda Ukraynada parlament seçkilərinə dair dəyirmi masa
please wait

No media source currently available

0:00 0:03:37 0:00
Direct link
İlk öncə seçkilərin 2011-ci il noyabrın 17-də qəbul olunan yeni seçki qanunu əsasında keçiriləcəyi xatırladan cənab Ohendovski yeni qanunun mühümlüyündən danışdı. Onun sözlərinə görə, 450 yerlik parlamentdə deputatların yarısı majoritar, yarısı isə proporsional yolla seçiləcək. Ukrayna Mərkəzi Seçki Komissiyasının rəsmisi habelə seçkilərdə partiyaların blok şəklində iştirak edə bilməyəcəyini də xatırlatdı: “Yeni seçki qanununda müxalifətin 17 tələbi də nəzərə alınıb. Onlara namizədlərin qeydiyyata alınması, mediaya çıxış, mobil səsvermənin təşkili kimi məsələlər daxildir. Belə ki, parlamentdəki 450 nəfərdən 366-sı yeni qanunu dəstəkləyib. Ona görə də bu qanun ölkədə böyük siyasi kompromis sayıla bilər”.

Cənab Ohendovskinin sözlərinə görə, yeni seçki qanununun üstünlükləri ilə yanaşı mənfi tərəfləri də var. Seçki rəsmisi deyir ki, bəzi namizədlər qanundan sui-istifadə edərək həm majoritar, həm də proporsional qaydada namizəd olmağa çalışıb. Ancaq o, belə addımın konstitusional olmadığını bildirdi. Xaricdə yaşayan ukraynalıların da səs vermə hüququnun qorunduğunu bildirən cənab Ohendovski ölkədən kənarda 114 seçki məntəqəsinin olduğunu dedi. O, təmsil etdiyi qurumun üzvləri barədə də danışdı: “Mərkəzi Seçki Komissiyası parlament tərəfindən təyin və prezident tərəfindən təsdiq edilən 15 üzvdən ibarətdir. Onlara adətən parlamentdəki fraksiyaların nümayəndələri daxil olur. Hazırki komissiya 2007-ci il iyun ayının 1-də təsis edilib”.

Seçki Komissiyasının rəsmisi habelə seçki məntəqələrini izləmək üçün quraşdırılması nəzərdə tutulan kameralardan da danışdı. Onun sözlərinə görə, 100 milyon dollar ayrılması nəzərdə tutulan bu layihə hələlik parlament tərəfindən təsdiq edilməsə də, baş tutması real görünür. Ancaq cənab Ohendovski bu layihəni dəstəkləmədiyini bildirdi: "Ukraynada olan 33 min məntəqənin hərəsində iki kamera quraşdırılması nəzərdə tutulur. Bu təcrübəni Rusiya keçərkən onların sistemi işlək etməsi üçün 5 il vaxtı var idi. Ancaq bunu bir neçə ay içərisində etmək məncə çətin olacaq. Çünki, istəmirəm ki, kimsə vebsayta gedib hansısa məntəqəni izləmək istəyəndə, orada texniki problem yaşansın və həmin şəxs kameranın bilərəkdən işlədilmədiyini düşünsün".

Cənab Ohendovskinin sözlərinə görə, kameraların bülleten qutularına tuşlanacağını nəzərdə tutulub və bu kameralar yalnız səsvermə zamanı aktiv olacaq.

Sonda Mixaylo Ohendovski həmkarlarının seçkilərin şəffaf keçirilməsi barədə öhdəliyi olduğunu və bunun baş tutması üçün əllərindən gələni etdiklərini bildirdi.
XS
SM
MD
LG