Accessibility links

Ərdoğan: Suriyada qətliam olmasını istəmirik


Türkiyə lideri Suriya hökumət qüvvələrinin İdlib vilayətində hücum əməlilyyatlarının “qan gölü” ilə nəticələnə biləcəyi haqda xəbərdarlıq edib.

Türkiyə prezidenti xəbərdarlığı Rusiya və İran dövlət başçıları arasında Tehranda keçirilən sammitin sonuncu günündə təkrar olaraq səsləndirib.

"Biz heç zaman İdlibin qan gölünə dönməsini istəmirik," deyə Ərdoğan rusiyalı və iranlı həmkarları ilə birgə keçirilən mətbuat konfransında bəyan edib.

Biz heç zaman İdlibin qan gölünə dönməsini istəmirik.

Bu gün Rusiya, Türkiyə və İran prezidentləri Suriyanın üsyançılar nəzarətində olan sonuncu bölgəsi İdlib vilayətində mümkün döyüşlərin qarşısını almağın yollarını müzakirə edib. Görüş Tehranda baş tutub.

Sammit Rusiya və İranın aktiv dəstəyi ilə Suriya hökumət qüvvələrinin hökumət nəzarətindən kənarda olan İdlib vilayətinə hücuma hazırlaşdığı ərəfədə keçirilib.

Üç milyon adamın məsklunlaşdığı İdlib vilayəti Bəşar əl-Əsəd hökumətinə qarşı çıxan üsyançıların son əsas istehkamı sayılır.

Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İran prezidenti Həsən Ruhani və rusiyalı həmkarı Vladimir Putinlə birlikdə Tehranda keçirilən sammitdə danışıb.

Ruhaninin fikrincə, Suriyada döyüş bütün ekstremistlərin “kökü kəsilənədək” davam etməlidir, amma döyüşlərin dinc sakinlərə ziyanı dəyməməlidir.

Bu sammitdən bir neçə saat öncə İdlibin bəzi hissələrinin vurulması xəbərləri yayılıb. Məlumatı Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı açıqlayıb.

Putin Tehrana xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, xarici siyasət üzrə köməkçisi Yuri Uşakovla birlikdə gedib. Sammitdən öncə Ərdoğanla o, ayrıca görüşüb.

İranın Suriya üzrə aparıcı diplomatının İran mediasına dediyinə görə, İdliblə bağlı dilemma var, çünki həm “terrorçular”dan təmizlənməlidir, həm də milyonlarla dinc sakinin təhlükəsizliyi təmin olunmalıdır.

Suriyanın yaxın müttəfiqləri Rusiya və İran Əsəd rejimini, İdliblə sərhəddə yerləşən Türkiyə üsyançıları dəstəkləyir.

XS
SM
MD
LG