Accessibility links

Əlirza Fərşi və Abbas Lisani aclıq aksiyasına başlayıb


Əlirza Fərşi və Abbas Lisani
Əlirza Fərşi və Abbas Lisani

İranda məktəblərin açılması ilə bərabər iki tanınmış güneyli siyasi məhbus türklərin ana dillərində təhsil almaq hüququndan məhrum qalmalarına etiraz olaraq həbsxanada aclıq aksiyasına başlayıb.

Böyük Tehran həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi sentyabrın 22-də həbsxanadan göndərdiyi bir səs faylında İran İslam Respublikasının məhkəmələrində olan hakimlərin qəddar və ədalətsiz hökmlərinə və həmçinin məktəblərdə türklərin ana dilində təhsildən məhrum edilmələrinə etiraz olaraq 3 gün müddətinə aclıq aksiyası keçirəcəyini bildirmişdi. Daha sonra tanınmış siyasi məhbus Abbas Lisani Əlirza Fərşiyə dəstək olmaq məqsədilə həmin aksiyaya qatılıb.

Hal-hazırda Böyük Tehran Həbsxanasında saxlanılan Əlirza Fərşi 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə görə ona qarşı çıxarılan 2 illik həbs cəzasını çəkməkdədir. O, həmçinin keçən ilin yanvar ayında həbsdə ikən yeni qaldırılan iddia əsasında "milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" ittihamı ilə 3 il 6 ay və "sistemə qarşı təbliğat aparmaq" aparmaq ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.

Məhkəmə həbs cəzasına əlavə olaraq Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.

Aclıq aksiyasına başlayan digər milli fəal Abbas Lisani isə 2019-cu ilin yanvar ayından bəri Ərdəbil Həbsxanasında ona qarşı çıxarılan 15 il həbs cəzasını çəkməkdədir.

Abbas Lisani ilə Əlirza Fərşi indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən uzun müddətli həbslərə məhkum ediliblər.

XS
SM
MD
LG