Accessibility links

Əli Kərimlinin mühafizəçisinə niyə telefon danışığına icazə verilmir?


Əli Kərimlinin mühafizəçisinə niyə telefon danışığına icazə verilmir?
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bugünkü məhkəmə prosesinə iki şahid dəvət olunsa da, prosesdə yalnız bir şahid iştirak edib.

Məhkəmə iclası bitdikdən sonra Amarikanın Səsinə müsahibə verən Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova deyib ki, o, bir neçə vəsatət qaldırb.

Niyaməddin Əhmədovun məhkəmə prosesində
Niyaməddin Əhmədovun məhkəmə prosesində

“Vəsatətlər sənədlərlə bağlı olub. Məsələn iş materiallarında sənədlər var. Hansı ki, adı çəkilib, amma sənədlərin özü yoxdur. Mən məhkəmədən xahiş etdim ki, prokurorluqdan və müvafiq qurumlardan həmin sənədləri alsın. Məhkəmə vəsatəti baxılmamış saxladı. Həmçinin biz Niyaməddin Əhmədovun telefonla danışmaq hüququnun təmin edilməsi və şərait yaradılması üçün Bakı İstintaq təcridxanasına həvalə edilməsi ilə bağlı vəsatət verdik. Məhkəmə bildirdi ki, onun səlahiyyətində deyil və təmin edilmədi," vəkil bildirib.

Məhkəmə prosesində Niyaməddin Əhmədovun atası da iştirak edib. O indiyə qədər oğlu ilə telefonla danışa bilmədiyini deyir.

Növbəti məhkəmə prosesi aprelin 9-na təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs-qətimkan tədbiri seçilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası ittihamları "əsassız və absurd" hesab edir.

"Bu cür üsullarla Niyaməddin Əhmədovdan, AXCP-dən, partiyanın sədri Əli Kərimlidən qisas almaq məqsədi güdürlər. Milli Şuranın 2019-cu il oktyabrın 19-da keçirdiyi mitinqdə Əli Kərimli həbs olunan ana qədər Niyaməddin Əhmədov onun yanında olub. Ondan bunun qisasını alırlar. AXCP-yə və Əli Kərimliyə qarşı qisasçılıq, repressiyalar illərdir davam edir," AXCP bildirib.

Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, "Məmmədovun hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib, həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

Baş Prokurorluq ittihamın ibtidai istintaqda sübut olunduğunu bildirir.

Əhmədovun həbsi prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edib.

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğun maliyyələşdirilməsi kimi "ağır, gözlənilməz cinayətdə ittihamı sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir".

XS
SM
MD
LG